Müəllif: Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova
Laçın… Bu ad Azərbaycan tarixində sadəcə bir şəhərin və rayonun adı deyil. Laçın doğma torpağa bağlılığın, illərlə davam edən həsrətin, ağır sınaqların və nəhayət, tarixi ədalətin bərpasının rəmzlərindən biridir. Bu gün Laçın işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən Böyük Qayıdış və genişmiqyaslı quruculuq prosesinin ən parlaq nümunələrindən birinə çevrilib.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi təşkil edilməsi onun müasir tarixinin mühüm mərhələləridir. Zəngin təbiəti, geniş yaylaq və meşə sahələri, əlverişli coğrafi mövqeyi Laçını Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən birinə çevirib.
Lakin Laçının tarixində ən ağır səhifələrdən biri 1992-ci il mayın 18-də başladı. Rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, əhalisi doğma yurd-yuvalarından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. İşğal nəticəsində rayonun təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə qarşı vandalizm törədildi.
Laçının işğalı Azərbaycanın ərazi bütövlüyünə vurulan ağır zərbə olmaqla yanaşı, strateji baxımdan da böyük əhəmiyyət daşıyırdı. İşğal nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmış, Azərbaycanın sonrakı ərazi itkilərinin önü açılmışdı.
Lakin 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının taleyini də dəyişdi. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu və Laçının yeni tarixinin əsası qoyuldu.
Bu tarixi Zəfərdən sonra qarşıya qoyulan əsas vəzifə işğaldan azad edilmiş ərazilərin bərpası, müasir infrastrukturun yaradılması və insanların doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışının təmin edilməsi oldu.
Bu gün Laçında həyata keçirilən quruculuq işləri öz miqyası və əhatəliliyi ilə diqqət çəkir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi istiqamətində görülən işlərin nəticəsi Laçında xüsusilə aydın görünür: şəhərin təbii gözəlliyi müasir memarlıqla vəhdət təşkil edir, yeni yaşayış məhəllələri, sosial obyektlər, yollar və istehsal müəssisələri yaradılır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın şəhəri Günü kimi müəyyən edilməsi də şəhərin yeni tarixində mühüm hadisədir. Bu tarix artıq Laçının azadlığının, dirçəlişinin və Böyük Qayıdışının rəmzi kimi qeyd olunur.
Laçının yeni inkişaf mərhələsinin mühüm istiqamətlərindən biri yaşıl enerji potensialından səmərəli istifadədir. Rayonda su elektrik stansiyalarının yaradılması istiqamətində ardıcıl layihələr həyata keçirilir. 2026-cı il iyulun 11-də yeni su elektrik stansiyalarının açılışı ilə Laçının enerji potensialı daha da genişləndirilib. Hazırda rayonun elektrik tələbatının yaşıl enerji hesabına qarşılanması Laçının dayanıqlı inkişaf modelinin mühüm göstəricilərindən biridir.
Nəqliyyat infrastrukturu da sürətlə yenilənir. Kəlbəcər-Laçın avtomobil yolunun, tunel və körpülərin inşası regionun nəqliyyat əlçatanlığını artırır. 2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə rayonun ölkədaxili və beynəlxalq əlaqələrinin genişləndirilməsi, turizm potensialının artırılması baxımından mühüm imkanlar yaradır.
Laçının inkişafı vahid şəhərsalma konsepsiyası əsasında həyata keçirilir. 2025-ci ildə təsdiq edilmiş “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Təhsil, səhiyyə, mədəniyyət və turizm obyektlərinin yaradılması, yeni yaşayış məhəllələrinin salınması və “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqi müasir və rahat şəhər mühitinin formalaşdırılmasına xidmət edir.
Quruculuq prosesi iqtisadi canlanma ilə də müşayiət olunur. Laçında sənaye və aqro-sənaye müəssisələri, mebel, tekstil və ayaqqabı fabrikləri, balıq təsərrüfatı və digər istehsal sahələri yaradılır. Bu müəssisələr həm rayon iqtisadiyyatının inkişafına, həm də yerli sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət edir. Laçın Aqro-Sənaye Parkında müxtəlif istiqamətlər üzrə müəssisələrin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bütün bu proseslərin ən mühüm nəticəsi isə insanların doğma yurda qayıdışıdır.
2023-cü il mayın 28-dən etibarən laçınlıların öz doğma torpaqlarına qayıdışına başlanılıb. 2026-cı ilin iyuluna qədər Laçın şəhəri və rayonun Zabux, Sus, Bəylik kəndlərinə yüzlərlə ailənin köçürülməsi təmin edilib. Qayıdan sakinlər üçün yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, tibb və digər sosial obyektlər də yaradılıb.
Böyük Qayıdış yalnız insanların öz evlərinə dönməsi deyil. Bu, həm də milli yaddaşın, tarixi ədalətin və doğma torpaqla mənəvi bağların bərpasıdır. Bir zamanlar işğal nəticəsində həyatın dayandığı məkanlarda bu gün uşaqlar məktəbə gedir, yeni ailələr evlərinə köçür, müəssisələr fəaliyyət göstərir, küçələrdə həyat canlanır.
Laçının bərpasında mədəniyyət və turizm də mühüm yer tutur. 2025-ci ildə şəhərin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi onun regional və beynəlxalq mədəni əhəmiyyətinin artmasının göstəricilərindən biri oldu. “Hoçazfilm” yaradıcılıq studiyası, yeni turizm obyektləri və istirahət məkanları Laçının mədəni və turizm potensialının inkişafına yeni imkanlar yaradır.
Bu gün Laçın artıq yalnız keçmişin ağrısını xatırladan bir məkan deyil. O, Azərbaycanın Zəfər iradəsini, quruculuq gücünü və gələcəyə inamını nümayiş etdirən şəhərlərdən biridir. Dağların qoynunda yenidən ucalan evlər, məktəblərdə eşidilən uşaq səsləri, fəaliyyət göstərən müəssisələr, salınan yollar və dalğalanan üçrəngli bayraq yeni Laçının canlı mənzərəsini yaradır.
26 Avqust – Laçın şəhəri Günü bu baxımdan yalnız bir şəhərin təqvimdəki əlamətdar günü deyil. Bu tarix işğaldan azadlığın, tarixi ədalətin bərpasının, Böyük Qayıdışın və yeni inkişaf mərhələsinin rəmzidir.
Laçın geri qayıdıb.
Laçın dirçəlir.
Laçın Zəfərdən doğan yeni gələcəyin ünvanına çevrilir.
