Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Seyidova Şəlalə.
Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında mühüm mərhələ kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev səfər zamanı verdiyi bəyanatında Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanmasının əhəmiyyətini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasındakı əlaqələri yeni səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi münasibətlərin inkişafına da mühüm təkan verəcək. Azərbaycan-Almaniya əlaqələrinin yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını qeyd edən Prezident İlham Əliyev Almaniyanın Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi Cənubi Qafqazda mühüm rola malik olduğunu bildirib. Bu baxımdan, iki ölkə arasındakı əməkdaşlığın bütövlükdə regionda sülhə, sabitliyə və qarşılıqlı əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.
İqtisadi əməkdaşlıq Azərbaycan-Almaniya münasibətlərinin əsas istiqamətlərindən biri olaraq diqqət mərkəzində saxlanılıb. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirən dövlət başçısı səfərdən sonra bu göstəricinin daha da artacağına əminliyini ifadə edib. Qarşılıqlı investisiya qoyuluşlarının genişləndirilməsi, Almaniya şirkətlərinin Azərbaycanda daha geniş çərçivədə fəaliyyət göstərməsi üçün yeni imkanların yaradılması istiqamətində konkret təkliflərin irəli sürüldüyü qeyd olunub.
Enerji sahəsində əməkdaşlıq da səfərin mühüm mövzularından biri olub. Prezident İlham Əliyev Azərbaycanın bu ildən etibarən təbii qazını Almaniyaya ixrac etməyə başladığını bildirib. Bununla Azərbaycan qazının artıq Avropa İttifaqının 10 üzv ölkəsinə çatdırıldığı qeyd edilib. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulayıb. Azərbaycanın Almaniyaya neft ixrac etdiyini, gələcəkdə isə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmində olduğunu bildirən Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın qarşıdakı dövrdə daha genişmiqyaslı xarakter alacağını diqqətə çatdırıb.
Azərbaycan və Almaniya arasında nəqliyyat, bağlantılar və tranzit imkanları sahəsində əməkdaşlığın da böyük perspektivlərə malik olduğu vurğulanıb. Azərbaycanın öz nəqliyyat infrastrukturunu davamlı şəkildə inkişaf etdirdiyini bildirən dövlət başçısı ölkəmizin Avropa ilə Orta Asiya arasında mühüm körpü rolunu oynadığını qeyd edib. Azərbaycanın Orta Asiya ilə əlaqələrinin genişlənməsi və bu istiqamətdə əldə olunan imkanlar ölkənin beynəlxalq nəqliyyat və logistika xəritəsində əhəmiyyətini daha da artırır. Bu sahədə bir sıra konkret fəaliyyət planlarının nəzərdə tutulduğu, imzalanmış sənədlərin icrasının sürətləndirilməsi məqsədilə bir neçə işçi qrupun yaradılmasının planlaşdırıldığı bildirilib.
Prezident İlham Əliyev bəyanatında regionda sülh prosesinə də geniş yer ayırıb. O, Prezident Donald Trampın iştirakı və imzası ilə Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasını 30 il davam edən münaqişəyə son qoyan mühüm tarixi hadisə kimi qiymətləndirib. Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması istiqamətində əldə olunan nəticələri qeyd edərək, Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib.
Azərbaycanın sülh prosesindən sonra praktiki addımlar atdığını diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmiz tərəfindən Ermənistana benzin və dizel yanacağının təchiz edilməsinin bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirib. Eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınmasının genişləndiyi qeyd olunub. Bildirilib ki, indiyədək 40 min tondan çox tranzit yük Azərbaycan ərazisindən keçib. Bu fakt regionda yeni əməkdaşlıq mühitinin formalaşmasının və qarşılıqlı etimadın möhkəmləndirilməsinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər.
Dövlət başçısı Almaniya hökumətinin sülh prosesindəki rolunu yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın uzun illər işğal altında qalan torpaqlarını öz gücü hesabına azad etdiyini, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdiyini və daha sonra Ermənistana sülh təklif etdiyini bildirib. Bu baxımdan, regionda sülhün və sabitliyin təmin olunması istiqamətində beynəlxalq tərəfdaşların, o cümlədən Almaniyanın mövqeyi və dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Bəyanatda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına da toxunulub. Prezident İlham Əliyev cari ildə Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın və Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin Azərbaycana səfərlərini mühüm siyasi hadisə kimi qiymətləndirib. Bu səfərlərin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb. Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan Almaniyanın bu münasibətlərin inkişafında və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsində xüsusi rola malik olduğu qeyd edilib.
Səfər çərçivəsində Azərbaycan və Almaniya arasında münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi və institusional baza formalaşdıran sənədlər də imzalanıb. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts **“Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”**ni imzalayıblar. Bununla yanaşı, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə də imzalanıb.
Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaranıb. İmzalanmış sənədlər və səfər zamanı əldə olunan razılaşmalar iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, Azərbaycan-Almaniya əlaqələrinin isə strateji xarakter daşıyan yeni mərhələyə yüksəlməsinə mühüm zəmin yaradır.
