Azərbaycan Dövlət Pedaqoji Universitetində Elmi-tədqiqat mərkəzinin (ETM) “ADPU-nun Şamaxı filialında pedaqoji kadr hazırlığında müasir təlim texnologiyalarının tətbiqi” layihəsi çərçivəsində “Tədqiqata əsaslanan dərsin təşkili üzrə mentor hazırlığı” adlı cari ilin təlimi keçirilib.
Təlimdə pedaqoji fakültə üzrə pedaqoji kadr hazırlanan bütün ixtisaslardan (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Tarix müəllimliyi, Fizika müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət və Məktəbəqədər təhsil) filial tərəfindən seçilmiş 10 müəllim-mentor iştirak ediblər.
Təlimin məqsədi müəllimlərə mentor dəstəyinin göstərilməsi üçün onun metodologiyasının mənimsənilməsinə nail olmaqdan ibarət olmuşdur. Müəllim-mentorların fəaliyyəti gələcək tədris prosesində müasir təlim üsulları ilə düşünmə bacarıqlarının təkmilləşdirilməsinə, tətbiqetmə bacarıqlarının artırılmasına yeni imkanların açılmasına yönləndirilmişdir.
ETM-in Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzovanın təqdimatında keçirilən təlimdə tədqiqata əsaslanan dərsin hazırlanmasında mentorluq fəaliyyətinin yeri şərh edilib, təlim nəticələrinin müəyyən olunmasında taksonomiyaların rolu əsaslandırılıb, formativ qiymətləndirmənin əsas xüsusiyyətləri, məqsədləri, aparılma qaydaları izah edilib.
Təlimdə praktik olaraq tədqiqat tapşırıqları hazırlanıb, təqdimatlar edilib, müzakirələr aparılıb, nəticələr təhlil olunub. Müəllim-mentorlara sertifikatlar müəyyənləşdirilib və gələcək fəaliyyətlərində uğurlar söylənilib.






