Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Milli Ordumuzun şanlı tarixi və müasir inkişaf mərhələsi” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova Silahlı Qüvvələr Gününün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirib ki, müasir Azərbaycan Ordusu yüksək peşəkarlığı, müasir silahlanması və döyüş hazırlığı ilə regionun ən güclü ordularından birinə çevrilib və Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bunun ən parlaq sübutudur. Direktor gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini xüsusi qeyd edərək belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Daha sonra Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov “Azərbaycan Silahlı Qüvvələrinin quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək müasir Azərbaycan Ordusunun formalaşmasında Ümummilli Liderin misilsiz xidmətlərindən, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan və bu siyasətin ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsindəki rolundan bəhs edib.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Amid Əliyev “Ürəyi Vətənlə döyünən gənclik: Ordumuzun əbədi güc mənbəyi” mövzusunda çıxış edərək gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasının, milli-mənəvi dəyərlərə bağlılığının və dövlətçilik ənənələrinə sədaqətinin güclü ordunun əsas dayaqlarından biri olduğunu vurğulayıb.
Həmin kafedranın müəllimi Sara Qurbanlı isə “Azərbaycan Ordusu: Regional gücdən beynəlxalq etimada doğru” mövzusunda məruzə ilə çıxış edərək son illərdə Azərbaycan Ordusunun qazandığı uğurlar, beynəlxalq hərbi əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər və ordumuzun dünya miqyasında artan nüfuzu barədə ətraflı məlumat verib.
Tədbirdə filialın məzunları, Vətən müharibəsi iştirakçıları – İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş Ramiz Nuriyev, eləcə də Quba rayonu Hacıhüseynli kənd tam orta məktəbinin müəllimi, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Rəmzi Məmmədov çıxış edərək Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan, Azərbaycan əsgərinin yüksək mənəvi-psixoloji hazırlığından, xalq–ordu birliyinin qələbədə oynadığı həlledici roldan və döyüş yoldaşlarının göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər. Onlar döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşərək bildiriblər ki, Vətən sevgisi, dövlətə sədaqət və milli birlik Azərbaycan Ordusunun ən böyük güc mənbəyidir. Çıxışlarında qazilər gənclərə daim vətənpərvər olmağı, dövlətçilik dəyərlərinə sahib çıxmağı, təhsilli və məsuliyyətli vətəndaş kimi yetişməyi tövsiyə edərək Azərbaycanın qazandığı tarixi Zəfərin gələcək nəsillər üçün böyük örnək olduğunu vurğulayıblar.
Çıxışlardan sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar Vətən müharibəsi iştirakçıları və məruzəçilər tərəfindən cavablandırılıb. Müzakirələr zamanı Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, milli birlik və dövlətçilik dəyərlərinin qorunmasının əhəmiyyəti xüsusi diqqət mərkəzində olub.






