Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən, xüsusilə gənclərin sağlam inkişafına mənfi təsirlərindən danışıb. Daha sonra “Narkomaniya ilə mübarizə” mövzusunda hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə Sosial və xüsusi fənlər kafedrasının müəllimi Həsənov Burxan “Narkomaniyanın insan sağlamlığı üçün riskləri və fəsadları” mövzusunda çıxış edərək zərərli vərdişlərin insan həyatı və cəmiyyət üçün yaratdığı problemlərdən bəhs edib.
Filialın əməkdaşı Mirzəyeva Nuran “Gənclik sağlam gələcəyin təməlidir” mövzusunda çıxış edərək sağlam həyat tərzinin təbliğinin vacibliyini vurğulayıb.
Tələbə Gənclər Təşkilatının sədri Seyfəddinov Mahir isə “Virtual təhlükə: Sosial şəbəkələr və narkotik təbliği” mövzusunda məruzə ilə çıxış edərək sosial media platformalarında rast gəlinən təhlükəli çağırışlar və onların qarşısının alınması yolları barədə məlumat verib.
Məruzələrdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Tədbir iştirakçıları narkomaniyanın yaratdığı sosial və psixoloji problemlər, gənclərin zərərli vərdişlərdən qorunmasında ailə və təhsil müəssisələrinin rolu, həmçinin maarifləndirmə işinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Çıxış edənlər narkomaniyaya qarşı mübarizənin yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu vurğulayıblar.
Tədbirin məqsədi tələbə-gənclər arasında narkomaniyanın zərərli təsirləri haqqında məlumatlılığı artırmaq, sağlam həyat tərzini təşviq etmək və narkotik vasitələrin yayılmasına qarşı ictimai mübarizəyə dəstək vermək olub.








