ADPU-nun Şamaxı filialında 2025–2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası şəffaflığın, obyektivliyin və akademik dürüstlüyün təmin olunması prinsipləri əsasında davam edir. Filialda yaz imtahan sessiyası çərçivəsində İctimai Şuranın üzvləri imtahan prosesini izləyiblər. Şura üzvləri imtahanların keçirilməsi qaydaları, tələbələrin imtahanlarda iştirakı, hazırlıq səviyyələri və yaradılmış şəraitlə yaxından tanış olublar.

Müşahidələrdə Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri, Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və İctimai Televiziyanın bölgə müxbiri, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, Vətən müharibəsi veteranı Rəşad Rəşidov, Şamaxı Peşə Liseyinin direktoru İsmayıl Tarverdiyev və Anar Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbin direktoru Emil Sayılov iştirak ediblər.

Filialın direktoru, dosent Tünzalə Yusifova şura üzvləri ilə görüş zamanı bildirib ki, imtahanların obyektiv, şəffaf və mövcud qaydalara uyğun keçirilməsi üçün bütün zəruri hazırlıq işləri görülüb. O qeyd edib ki, imtahan sessiyası müddətində valideynlərin, ictimaiyyət nümayəndələrinin və İctimai Şuranın üzvlərinin iştirakına xüsusi diqqət yetirilir.O, vurğulayıb ki, gələcəyimiz üçün savadlı və peşəkar kadrların hazırlanmasında ictimai nəzarətin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə filialda tədrisin təşkili, tədris fəaliyyətinin və imtahan prosesinin monitorinqi, tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onların müraciətlərinə operativ dəstək göstərilməsi istiqamətində İctimai Şura fəaliyyət göstərir.

Şura üzvlərinə imtahan sessiyası dövründə fəaliyyət göstərən Apellyasiya Komissiyası barədə də ətraflı məlumat verilib. Bildirilib ki, tələbələrin imtahan nəticələri ilə bağlı müraciətlərinin operativ və obyektiv araşdırılması məqsədilə komissiya yaradılıb və müraciətlər müəyyən edilmiş qaydalara uyğun şəkildə qəbul edilərək baxılır. Bu da tələbələrin hüquqlarının qorunmasına və qiymətləndirmə prosesində şəffaflığın təmin olunmasına xidmət edir.

Şura üzvləri imtahan auditoriyalarında yaradılmış şəraitlə tanış olub, tələbələrlə söhbətlər apararaq onların imtahan prosesi ilə bağlı fikirlərini öyrəniblər. Eyni zamanda, qonaqlar filialın tədris binasında son dövrlərdə həyata keçirilən yeniliklər və maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlərlə də tanış olublar.

Sonda İctimai Şuranın üzvləri imtahanların yüksək səviyyədə təşkil olunduğunu, prosesin tam şəffaf və obyektiv şəkildə həyata keçirildiyini, həmçinin Apellyasiya Komissiyasının fəaliyyətinin tələbələrin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək filial rəhbərliyinə və professor-müəllim heyətinə uğurlar arzulayıblar.