Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə 18 may-18 iyun “İnsan hüquqları” aylığı çərçivəsində “Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlardan, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlərdən danışıb. O, hüquqi maarifləndirmənin əhəmiyyətini vurğulayaraq belə tədbirlərin tələbələrin və gənclərin hüquq düşüncəsinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Şəsəddin Mikayılov “Azərbaycan hüquqi və demokratik dövlət kimi” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə demokratik dəyərlərin inkişafı, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib.

Tədbirdə çıxış edən kafedranın müəllimi Süsən Cəbrayılova “Azərbaycanda insan hüquqlarının müdafiəsinin hüquqi əsasları və dövlət siyasəti”, müəllim Təranə Mütəllimova “Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi” mövzularında məruzələrlə çıxış ediblər.

Tarix və coğrafiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Fidan Qafarova isə “Azərbaycanda uşaq hüquqlarının qorunması və dövlət qayğısı” mövzusunda təqdimatla çıxış edərək ölkədə uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib.

Son olaraq Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.ü.f.d Şəlalə Seyidova qeyd edib ki, hüquqların səmərəli şəkildə təmin olunması və qorunması hər bir vətəndaşın öz vəzifələrini vicdanla yerinə yetirməsi ilə sıx bağlıdır.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və insan hüquqlarının qorunmasının cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.