Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunması” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, bu sahədə maarifləndirmə işlərinin və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb. O, təhsil müəssisələrində şəffaflığın, qanunçuluğun və məsuliyyət prinsipinin qorunmasının vacibliyini diqqətə çatdırıb.

Dəyirmi masada sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova, Sosial və xüsusi fənlər kafedrasının dosenti Şasəddin Mikayılov, İnformasiya və kommunikasiya şöbəsinin müdiri Mətanət Rəhimova, Dil, ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müdiri Eyvaz Eminaliyev və Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Adilxanov çıxış edərək korrupsiyanın cəmiyyətə və təhsil mühitinə təsirləri, korrupsiyaya qarşı mübarizənin hüquqi və mənəvi əsasları, etik davranış qaydalarına əməl olunmasının əhəmiyyəti, gənclər arasında dürüstlük və vətəndaş məsuliyyəti dəyərlərinin formalaşdırılması, eləcə də şəffaf və sağlam təhsil mühitinin yaradılması istiqamətində görülən işlər barədə fikirlərini bölüşüblər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib.