Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı beynəlxalq akademik mobillik sahəsində növbəti uğura imza atıb. Belə ki, filialın Tədris şöbəsinin müdiri, Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Ruqiyyə Babaşova və Pedaqogika və psixologiya kafedrasının müəllimi Amid Əliyev Türk Universitetlər Birliyinin xətti ilə həyata keçirilən “Orhun Mübadilə Proqramı”na qəbul olunublar.
Orhun Mübadilə Proqramı Türk dünyası universitetləri arasında akademik əməkdaşlığın genişləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviqi, eləcə də ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə həyata keçirilir. Proqram iştirakçıları xarici universitetlərdə tədris və elmi fəaliyyət göstərmək, beynəlxalq akademik mühitdə təcrübə qazanmaq imkanı əldə edirlər.
ADPU-nun Şamaxı filialının müəllimlərinin bu uğuru universitetin beynəlmiləlləşmə strategiyasının uğurla həyata keçirildiyini, professor-müəllim heyətinin beynəlxalq proqramlarda fəal iştirak etdiyini bir daha nümayiş etdirir.
Bu münasibətlə filialın direktoru, dosent Tünzalə Yusifova əməkdaşları təbrik edərək onların əldə etdikləri uğurun filialın beynəlxalq əlaqələrinin inkişafına və akademik nüfuzunun daha da yüksəlməsinə töhfə verəcəyini vurğulayıb. O, müəllimlərə proqram çərçivəsində uğurlar arzulayıb, onların qazanacaqları təcrübənin tədris və elmi fəaliyyətin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.



