ADPU-nun Şamaxı filialının “Kitabxana və elektron resurslar şöbəsi”ndə Türk dünyasının elmi-mədəni tarixində mühüm yer tutan Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə xüsusi kitab guşəsi hazırlanıb və tələbələrlə bu haqda söhbət aparılıb.
Şöbənin müdiri Vəsilə Razimi tələbələrə 1926-cı ildə Bakıda təşkil olunmuş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının dil, əlifba, ədəbiyyat və mədəniyyət sahələrində əməkdaşlığının inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verib. Bildirilib ki, qurultay türkoloji elmin inkişafında yeni mərhələnin əsasını qoymuş, ortaq elmi düşüncənin formalaşmasına mühüm təsir göstərmişdir.
Söhbət zamanı tələbələrə filialın yaxın günlərdə qonağı olmuş AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Türk Dil Qurumunun Şöhrət üzvü, filologiya elmləri doktoru, professor Nadir Məmmədli tərəfindən kitabxanaya hədiyyə edilən, müəllifi olduğu “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda”adlı kitabı da təqdim olunub.
Qeyd edilib ki, kitabda Birinci Türkoloji Qurultayın keçirilmə şəraiti, qəbul edilən qərarlar, qurultayın iştirakçıları, dövrün arxiv sənədləri və milli mətbuat materialları əsasında geniş araşdırmalar yer alır. Nəşr türkoloji fikir tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbə kimi böyük əhəmiyyət daşıyır.
Tələbələr kitabla yaxından tanış olmuş, mövzu ətrafında fikir mübadiləsi aparmış və təqdim olunan materialları böyük maraqla qarşılamışlar. Tədbirin əsas məqsədi gənclərdə türkoloji irsə, milli-mənəvi dəyərlərə və Azərbaycan dilçilik tarixinin mühüm mərhələlərinə marağın artırılması, onların elmi-tədqiqat fəaliyyətinə təşviq edilməsi olmuşdur.
Sonda tələbələr hazırlanmış guşə ilə tanış olaraq burada nümayiş etdirilən kitab və məlumat materiallarına baxış keçiriblər.



