Şamaxıda “Yaylaq” festivalı keçirilib

Şamaxı rayonunun Qızmeydan kəndində Qərbi Azərbaycan İcması Ağbaba–Şörəyel Mahalının təşkilatçılığı ilə Aşıq İsgəndər Ağbabalının anadan olmasının 100 illiyinə həsr edilmiş Elləroyuğu kənd icmasının “Yaylaq” festivalı keçirilib.

Tədbirdə ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov iştirak edirdi.

Tədbirin əsas məqsədi Qərbi Azərbaycanın tarixi-mədəni irsinin, milli adət-ənənələrinin və mədəniyyət nümunələrinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, tarixi yaddaşın möhkəmləndirilməsi və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi olub.

Festival çərçivəsində “Kəndimizin Tarixi Yaddaşı” guşəsi və dequstasiya sərgisi təşkil edilib, həmçinin Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə həsr olunmuş kitabların təqdimatı keçirilib. Tədbirdə aşığın şeirləri əsasında bəstələnmiş mahnılar və saz havaları səsləndirilib.

Festivalın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkilləri Əziz Ələkbərli, Hikmət Babaoğlu və Tənzilə Rüstəmxanlı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, professor Avtandil Ağbaba və digər ziyalılar çıxış edərək Qərbi Azərbaycan irsinin yaşadılmasının, xalq yaddaşının qorunmasının və aşıq sənətinin təbliğinin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda Aşıq İsgəndər Ağbabalının oğlu Aşıq Faxfur Gülməmmədov ailə adından təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.

“Yaylaq” festivalı Qərbi Azərbaycanın zəngin mədəni irsinin təbliği, soydaşlarımızın tarixi yaddaşının yaşadılması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.