Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında tələbələrin sağlam həyat tərzinə təşviqi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm əhəmiyyət daşıyan təşəbbüs həyata keçirilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən filiala stolüstü tennis masası təqdim olunmuşdur.

Qeyd edək ki, bu təşəbbüsün əsası 29 aprel 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilən görüş zamanı qoyulmuşdur. Həmin görüşdə gənclər və idman naziri cənab Fərid Qayıbov tələbələrlə səmimi fikir mübadiləsi apararaq onların təklif və istəklərini diqqətlə dinləmişdir. Filialın Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi Nihad Hümbətlinin filialda stolüstü tennis avadanlığının yaradılması ilə bağlı müraciəti nazir tərəfindən xüsusi həssaslıqla qarşılanmış və qısa müddətdə müvafiq tapşırıq verilərək təşəbbüs reallaşdırılmışdır.

ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova gənclərin sağlam həyat tərzinin təşviqi və idmana marağının artırılması istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Stolüstü Tennis Federasiyasına dərin minnətdarlığını ifadə etmiş, bu cür təşəbbüslərin tələbələrin fiziki və mənəvi inkişafına mühüm töhfə verdiyini vurğulamışdır.

Sonda tədbir iştirakçıları tərəfindən bu mühüm addıma görə təşəkkür və məmnunluq ifadə olunmuşdur.