Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Səmədova Aytən

28 May Azərbaycan xalqının dövlətçilik tarixində ən parlaq və qürurverici günlərdən biridir. 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız əsrlər boyu davam edən azadlıq və müstəqillik arzularını gerçəkləşdirdi. Bu tarixi hadisə ilə Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və parlament respublikası quruldu.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.

Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də – Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”, – deyə Heydər Əliyev söyləmişdir. Azərbaycan xalqı tarix boyu azadlıq və müstəqillik uğrunda böyük mübarizələr aparmışdır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ilk demokratik dövlətçilik nümunəsi olsa da, həmin müstəqillik uzunömürlü olmamışdır. Lakin xalqın azadlıq arzusu heç zaman sönməmiş, 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etmişdir.

1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsasını təşkil etmişdir. Bu mühüm sənəddə 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunaraq Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğu təsbit edilmişdir. Bununla da xalqımızın müstəqil dövlətçilik ənənələrinin davamlılığı bir daha təsdiq edilmişdir.

Konstitusiya Aktı yalnız hüquqi sənəd deyil, həm də Azərbaycan xalqının azadlıq iradəsinin və milli birliyinin təcəssümüdür. Müstəqilliyin əldə olunması qədər onun qorunub saxlanılması da böyük məsuliyyət tələb edir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyi yaşatmaq və möhkəmləndirmək hər bir xalqın qarşısında duran ən mühüm vəzifələrdən biridir. Konstitusiya Aktı ilə tanış olmaq üçün:
(https://e-qanun.az/framework/6693);

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi.

XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır.

Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

– İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb.

Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi məqsədilə Ümummilli Lideri Heydər Əliyev 1998-ci ildə müvafiq sərəncamlar imzalamış, yubiley üzrə Dövlət Komissiyası yaradılmış və tədbirlər planı təsdiq edilmişdir (https://e-qanun.az/framework/4955; https://e-qanun.az/framework/4998; https://e-qanun.az/framework/4999).

Ulu Öndər Heydər Əliyev:“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır…Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi (https://e-qanun.az/framework/37531) Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolunun dərindən öyrənilməsinə xidmət etmişdir.

Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.

1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində qaldırılmış və 1920-ci il aprelin 27-də oradan götürülmüş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 2018-ci il mayın 24-də yenidən öz Vətəninə qaytarılmışdır və hal-hazırda həmin bayraq Dövlət Bayrağı Muzeyinin əsas eksponatlarından biridir.

2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir (https://e-qanun.az/framework/48396).

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində mühüm və şərəfli hadisə olmuşdur. Prezident qeyd etmişdir ki, müsəlman aləmində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradılması böyük qürur mənbəyidir və xalqımız bununla haqlı olaraq fəxr edir. Onun sözlərinə görə, Xalq Cümhuriyyəti qısa müddət — cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm işlər həyata keçirmişdir.

Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanın müstəqillik təcrübəsi XX əsrin əvvəllərində də mövcud olmuş, Rusiya imperiyasının süqutundan sonra Azərbaycan Demokratik Respublikası yaradılmışdır. O vurğulamışdır ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini daim əziz tutur və onların fəaliyyəti xalqımızın yaddaşında yaşayır.

Dövlət başçısı qeyd etmişdir ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bir daha sübut etmişdir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətin məsələdir. Prezident xatırlatmışdır ki, 1918-ci ildə qaldırılmış üçrəngli bayraq 1920-ci ildə endirilsə də, sonradan Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində yenidən rəsmi dövlət bayrağı kimi təsis edilmişdir.

Prezident İlham Əliyev çıxışlarında xüsusi olaraq vurğulamışdır ki, müstəqilliyin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran ən vacib məsələlərdən biridir. O qeyd etmişdir ki, müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir və Cümhuriyyət qurucularının arzuları bu gün həyata keçirilmişdir. Prezident əminliyini ifadə etmişdir ki, Azərbaycanın müstəqillik yolu bundan sonra da uğurla davam edəcək və dövlət müstəqilliyi əbədi olacaqdır. Dövlət başçısı həmçinin bəyan etmişdir ki, Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır və güclü, müstəqil Azərbaycan daim yaşayacaqdır.

Prezident İlham Əliyev 28 may 2023-cü ildə Laçın şəhərinə qayıdan sakinlərlə görüşündə bildirmişdir ki, Müstəqillik Gününün Laçında qeyd olunması xüsusi rəmzi məna daşıyır. O qeyd etmişdir ki, uzun fasilədən sonra laçınlıların doğma şəhərlərinə qayıtması Azərbaycan xalqı üçün böyük tarixi hadisədir. Prezident vurğulamışdır ki, bu gün müstəqil Azərbaycan dövləti beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib və qarşısına qoyduğu bütün məqsədlərə nail olmaq gücünə malikdir.

Prezident İlham Əliyev 28 may 2025-ci ildə Laçında etdiyi çıxışında isə qeyd etmişdir ki, 107 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması müsəlman aləmində ilk demokratik respublikanın qurulması kimi tarixə düşmüşdür. O bildirmişdir ki, 1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsi və daha sonra Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi böyük ədalətsizlik olmuşdur. Bununla yanaşı, Prezident vurğulamışdır ki, Azərbaycan xalqının iradəsi və qardaş xalqların dəstəyi xalqımıza güc vermiş, milli iradəni daha da möhkəmləndirmişdir. (Prezident İlham Əliyevin 28 may 2025-ci ildə Laçında çıxışından).