Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbə və məzunları üçün əmək yarmarkası təşkil olunub.
Yarmarkada 16 müəssisə tərəfindən müxtəlif sahələr üzrə ümumilikdə 120 vakansiya təqdim edilib. Tədbirdən əvvəl isə işəgötürən müəssisələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Dəyirmi masa zamanı filialın direktoru, Tünzalə Yusifova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, ali təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, filialın da əmək yarmarkasında iştirak etdiyini diqqətə çatdıraraq, təhsil müəssisəsində mövcud olan vakant vəzifələr barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, vakant yerlər üzrə müraciət edəcək namizədlərin peşəkar bilik və bacarıqlarına xüsusi önəm verilir və bu kimi təşəbbüslər ixtisaslı kadrların işlə təmin olunmasına mühüm dəstək göstərir.
Tünzalə Yusifova həmçinin filialda gələcək tədris ilindən açılması nəzərdə tutulan yeni ixtisaslar barədə məlumat verərək bildirib ki, bu ixtisaslar əmək bazarının aktual tələbləri və regionun inkişaf perspektivləri nəzərə alınmaqla müəyyənləşdirilib. O, işəgötürənlərin rəy və təkliflərinin təhsil proqramlarının təkmilləşdirilməsində mühüm rol oynadığını vurğulayaraq, təhsil və əmək bazarı arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin gələcəkdə daha peşəkar və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət etdiyini qeyd edib.
Daha sonra əmək yarmarkası öz işinə başlayıb.









