Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbə və məzun heyəti üçün əmək yarmarkası təşkil olunub.

Tədbirin əsas məqsədi gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləmək, onların peşəkar inkişafına töhfə vermək və işəgötürənlərlə birbaşa əlaqələrinin qurulmasına şərait yaratmaq olub. Əmək yarmarkası tələbə və məzunlar tərəfindən böyük maraqla qarşılanıb və onların gələcək karyera planlamasında mühüm rol oynayıb.

Yarmarkada 16 müəssisə tərəfindən müxtəlif sahələr üzrə ümumilikdə 120 vakansiya təqdim edilib. Tədbirdə 100-dən çox tələbə və məzun iştirak edib, onlar mövcud vakansiyalar üzrə iş şərtləri və tələblər barədə ətraflı məlumat verilib. İşəgötürənlər tərəfindən namizədlərin uyğunluğuna dair qeydiyyat aparılıb.