Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının və digər filiallarının birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bir əsrlik elmi yol: Türkoloji qurultaydan müasir tədqiqatlara” adlı elmi konfrans keçirilib.

Onlayn formatda keçirilən konfransda ilk olaraq Birinci Türkoloji Qurultayın keçirilməsinə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra tədbiri giriş sözü ilə ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova açaraq konfrans iştirakçılarını salamlayıb. O, çıxışında Birinci Türkoloji Qurultayın türk dünyasının elmi, mədəni və mənəvi birliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, həmin qurultay ortaq elmi-mədəni irsin qorunması və türk xalqları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm tarixi hadisədir. Tünzalə Yusifova, həmçinin Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamın milli-mənəvi dəyərlərə və türk dünyasının ortaq irsinə verilən yüksək qiymətin göstəricisi olduğunu diqqətə çatdırıb.

Konfransda ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, Quba filialının direktoru, professor Yusif Alıyev, Ağcabədi filialının direktoru, dosent Mobil Məcidov və Şəki filialının direktoru, dosent Vurğun Məmmədov çıxış edərək Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi inteqrasiyası baxımından əhəmiyyətindən danışıblar.

Daha sonra məruzələr dinlənilib. Ağcabədi filialının direktor müavini, dosent Süleymanov Seymur “Türk xalqlarının mədəni inteqrasiyası və inkişaf imkanları”, Cəlilabad filialının dosenti Yadulla Dadaşlı “Birinci Türkoloji Qurultayda əlifba məsələsi”, Quba filialının baş müəllimi Mürvət Əliyev “Cənubi Qafqazın Türk dövlətçilik sistemində Quba və Şamaxı xanlıqlarının qarşılıqlı əlaqələri”, Şəki filialının baş müəllimi Xalidə Abdullayeva “Azərbaycan dilində inversiyanın mənayaratma imkanları”, Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, dosent Eminaliyev Eyvaz isə “Turançılıq ideyasının formalaşmasında Birinci Türkoloji Qurultayın tarixi rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının ortaq elmi-mədəni irsi və müasir türkoloji tədqiqatların aktual istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.