Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Ənənədən gələcəyə: mütləq həqiqətdən çoxqatlı mənaya” mövzusunda elmi-praktik seminar keçirilib.

Filialın direktoru dosent Tünzalə Yusifovanın giriş sözü ilə çıxış edərək müasir dövrdə ədəbiyyatşünaslıq və humanitar düşüncədə baş verən dəyişikliklərdən və bu cür yanaşmaların elmi-mədəni mühitdə yaratdığı yeni baxışlardan danışaraq tədbirin əhəmiyyətini vurğulayıb.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d Eyvaz Eminalıyev “Qloballaşan dünyada ədəbi-fəlsəfi proses: rasionalizmdən postmodern qeyri-səlisliyə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir ədəbi-fəlsəfi düşüncənin inkişaf istiqamətləri, ənənəvi və postmodern yanaşmalar arasındakı fərqlər geniş şəkildə təhlil olunub.

Kafedranın müəllimi Hüseynova Türkan “Rasional düşüncədən postmodern təfəkkürə: həqiqət anlayışının transformasiyası” mövzusunda çıxış edərək həqiqət anlayışının müxtəlif dövrlərdə keçdiyi inkişaf mərhələlərindən bəhs edib. O, rasional düşüncə dövründən başlayaraq postmodern təfəkkürə qədər həqiqət anlayışının keçdiyi transformasiya prosesini təhlil edərək, müasir dövrdə həqiqətə yanaşmanın fərqli aspektlərini iştirakçıların diqqətinə çatdırıb.

Seminarda həmçinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Həmidova Mədinə “Postmodernizmdə dəyərlər” mövzusunda təqdimatla çıxış edib. O, təqdimatında postmodernizm dövründə milli-mənəvi və estetik dəyərlərə münasibətin dəyişməsi, fərdi azadlıq anlayışının ön plana çıxması və müasir cəmiyyətin düşüncə tərzinə təsir edən əsas amillər barədə ətraflı məlumat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.