”Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” Beynəlxalq Elmi Konfransı çərçivəsində xarici qonaqların Şamaxı şəhərinə səfəri baş tutub.
ADPU-nun Filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə Şamaxıya səfər ADPU rəhbərliyi – rektor prof. Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, ADPU Həmkarlar İttifaqı Komitəsi sədri dos. Vaqif Əliyev və Filologiya fakültəsinin kollektivi, həmçinin xarici qonaqların iştirakı ilə baş tutub.
İştirakçılar ADPU-nun Şamaxı filialında direktor dos. Tünzalə Yusifova ilə birlikdə şəhid tələbələrin məzarını ziyarət edib, onların xatirəsini hörmətlə anıblar.
Ardınca Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədovun iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, onun abidəsi önünə çiçəklər düzərək əziz xatirəsini yad ediblər.
Daha sonra iştirakçılar Şamaxı Astrofizika Rəsədxanasında olub, onlara fəaliyyət istiqamətləri barədə təqdimat edilib və bu barədə müzakirələr aparılıb.
Səfər qonaqların Şamaxıda yerləşən qədim tarixə malik olan Cümə məscidinə ziyarəti ilə sona çatıb.












