Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında tələbələrin vergi sahəsində biliklərinin artırılması, vergi mədəniyyətinin təbliği və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Vergi mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova vergi mədəniyyətinin formalaşdırılmasının cəmiyyətin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, gənclərin vergi sahəsində maarifləndirilməsinin vacibliyindən danışaraq, bu istiqamətdə keçirilən tədbirlərin tələbələrin hüquqi və iqtisadi biliklərinin artırılmasına, vətəndaş məsuliyyətinin formalaşmasına xidmət etdiyini qeyd edib.
Daha sonra çıxış edən məruzəçilər vergi sisteminin əsas prinsipləri, vergi ödəyicilərinin hüquq və vəzifələri, dövlət büdcəsinin formalaşmasında vergilərin rolu, həmçinin vergi mədəniyyətinin yüksəldilməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, vergi intizamına riayət olunması və vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi ölkənin iqtisadi inkişafına və sosial rifahın yüksəldilməsinə mühüm töhfə verir.
Çıxışların ardınca tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb. Dəyirmi masa tələbələrdə vergi mədəniyyətinin formalaşdırılması və iqtisadi biliklərin artırılması baxımından faydalı müzakirələrlə yekunlaşıb.


