Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və Azərbaycan memarlığının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, ardınca Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, elm, təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs edib. O bildirib ki, Heydər Əliyevin zəngin irsi bu gün də Azərbaycan gəncliyi üçün mühüm örnək və inkişaf yoludur.

Daha sonra filialın professor-müəllim heyəti müxtəlif mövzularla çıxış edib. Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında Heydər Əliyevin tarixi rolu”, Sosial və xüsusi fənlər kafedrasının müəllimi Sevinc Qasımova “Azərbaycan intibahının Heydər Əliyev zirvəsi”, Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Kamal Balakişiyev “Elm və inkişafın dayağı — Heydər Əliyev irsi”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Səməngül Abdullayeva isə “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan təhsilinin qurucusudur” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafındakı tarixi xidmətləri, milli təhsil sisteminin formalaşdırılması, elmin və mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğı geniş şəkildə təhlil olunub.

Sonda filialın Tarix və coğrafiya müəllimliyi ixtisasının tələbəsi Cəbiyeva Ülviyyə çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışıb, Ulu Öndərin zəngin siyasi irsinin gənclər üçün daim örnək olduğunu vurğulayıb.