Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi Abdullayev Babək  “Şəhərsalma və memarlıq ili” çərçivəsində filialın Tarix və coğrafiya müəllimliyi ixtisasının IV tədris ili tələbələri ilə maarifləndirici ekskursiya təşkil edilmişdir. Ekskursiyanın əsas məqsədi tələbələrin Azərbaycanın tarixi-mədəni irsi haqqında biliklərini artırmaq, onların nəzəri biliklərini praktik müşahidələrlə zənginləşdirmək və abidələrə qarşı maraq və məsuliyyət hissini gücləndirmək olmuşdur.
Ekskursiya zamanı tələbələr Kələxana türbələrinin tarixi, memarlıq xüsusiyyətləri, tikilmə dövrü və onların regionun mədəni həyatındakı rolu haqqında ətraflı məlumat əldə etmişlər. Abdullayev Babək müəllim tərəfindən abidələrin yaranma tarixi, onların kimlərə məxsus olduğu və Azərbaycan memarlıq ənənələri içərisində tutduğu yer barədə geniş izahat verilmişdir. Eyni zamanda, tələbələrə tarixi abidələrin qorunmasının əhəmiyyəti, onların gələcək nəsillərə çatdırılması üçün görülən işlər və bu sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr barədə məlumat verilmişdir.
Ekskursiya interaktiv formada keçirilmiş, tələbələr mövzu ilə bağlı suallar vermiş, fikir mübadiləsi aparmış və müşahidələrini bölüşmüşlər. Bu cür səfərlər tələbələrin elmi dünyagörüşünün formalaşmasında, tədqiqat bacarıqlarının inkişafında və milli-mənəvi dəyərlərə bağlılığının güclənməsində mühüm rol oynayır.
Sonda qeyd olunmuşdur ki, belə ekskursiyaların təşkili tədris prosesinin keyfiyyətinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir və gələcəkdə də bu kimi tədbirlərin davamlı keçirilməsi planlaşdırılır.