ADPU-nun Şamaxı filialında “Açıq qapı” günü keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Açıq qapı” günü təşkil olunub. Tədbirdə Anar Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbinin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüş çərçivəsində şagirdlər ilk öncə filialın infrastrukturu ilə yaxından tanış olublar. Onlara universitetin müasir standartlara cavab verən auditoriyaları, zəngin kitabxana fondu, laboratoriyaları və maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Şagirdlər tədris prosesini əyani şəkildə müşahidə edərək, ali təhsil müəssisəsində yaradılan akademik mühitlə tanış olmaq imkanı qazanıblar.
Tanışlıq mərhələsindən sonra tədbir Heydər Əliyev lektoriyasında davam edib. Görüşü giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova qonaqları salamlayaraq bildirib ki, “Açıq qapı” günlərinin keçirilməsi artıq bir ənənə halını alıb və bu, abituriyentlərin gələcək peşə seçiminə müsbət təsir göstərir.
O, qeyd edib ki, ADPU-nun Şamaxı filialı regionun yeganə ali təhsil müəssisəsi olaraq kadr hazırlığında mühüm strateji rol oynayır. Filialın inkişaf yolu Ümummilli Lider Heydər Əliyevin regionlarda təhsilin tərəqqisinə göstərdiyi böyük diqqətin nəticəsidir. Filialımızın məzunları bu gün ölkənin müxtəlif sahələrində, xüsusilə təhsil sistemində yüksək peşəkarlıqla fəaliyyət göstərirlər. Son illərdə filiala yüksək balla daxil olan tələbələrin sayında müşahidə olunan artım təhsilin keyfiyyətinin bariz göstəricisidir.
Tədbirin davamında filialın fəaliyyətini, qazanılan uğurları və tələbə həyatını əks etdirən geniş videoçarx nümayiş olunub.
Görüşdə həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili məsələlərinə toxunulub. Qeyd olunub ki, filialda fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyəti (TEC) gənclərin fərdi inkişafında böyük rol oynayır. Tələbələrin respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslarda, idman yarışlarında və mədəni kütləvi tədbirlərdəki fəallığı xüsusi vurğulanıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara gələcək imtahanlarda uğurlar arzulanıb.













