“Qarabağ azad olunduqdan sonra dağıdılmış təhsil ocaqlarının bərpası və yeni təhsil ocaqlarının yaradılması” mövzusunda dəyirmi masa

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş “Qarabağ azad olunduqdan sonra dağıdılmış təhsil ocaqlarının bərpası və yeni təhsil ocaqlarının yaradılması” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq Qarabağın azad edilməsindən sonra regionda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, xüsusilə təhsil infrastrukturunun yenidən formalaşdırılmasının əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, müasir tələblərə cavab verən təhsil mühitinin yaradılması ölkənin gələcək inkişaf strategiyasında mühüm yer tutur.

Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Ardınca  tədbir məruzələrlə davam edib. Pedaqogika və psixologiya kafedrasının müəllimi Sara Qurbanlı “Qarabağ azad olunduqdan sonra dağıdılmış təhsil ocaqlarının fəaliyyətinin bərpası” mövzusunda çıxış edərək əvvəlki təhsil ənənələrinin qorunması və yenidən canlandırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Kafedranın digər müəllimi Həmidə İsgəndərova “Qarabağda təhsil infrastrukturunun bərpası və inkişaf perspektivləri” adlı məruzəsində regionda yeni məktəblərin tikintisi, müasir tədris şəraitinin yaradılması və gələcək planlardan söz açıb.

Kafedranın müəllimi Amid Əliyev isə “Azad edilmiş ərazilərdə təhsilin gələcəyi: Rəqəmsal transformasiya və süni intellektin rolu” mövzusunda çıxış edərək innovativ texnologiyaların təhsil sisteminə inteqrasiyasının vacibliyini vurğulayıb, rəqəmsal mühitin formalaşdırılmasının üstünlüklərini qeyd edib.

Ardınca  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Mədinə Həmidova geniş təqdimatla çıxış edərək Qarabağın tarixi təhsil ənənələrinə nəzər salıb və müasir dövrlə müqayisə edərək onların bu gün üçün aktuallığını əsaslandırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib və təkliflər irəli sürülüb.