ADPU-nun Şamaxı filialının Pedaqogika və psixologiya kafedrasının müdiri Məlik Məlikov və kafedranın müəllimi Amid Əliyev  Azərbaycan Dövlət Pedaqoji Universiteti-də keçirilən “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda beynəlxalq forumda iştirak etmişdir. Forumda məktəbəqədər təhsilin müasir çağırışları, beynəlxalq təcrübə, innovativ pedaqoji yanaşmalar və təhsildə rəqəmsal transformasiya kimi aktual məsələlər geniş müzakirə olunmuşdur.

Forumdan sonra əməkdaşlarımız əldə etdikləri bilik və təcrübələri kollektivlə bölüşmək məqsədilə filialda görüş keçirildi. Görüş zamanı forumda səsləndirilən əsas fikirlər, xüsusilə uşağamərkəzli yanaşma, oyun əsaslı öyrənmə, inklüziv təhsil mühiti, fərdiyyətyönümlü təlim və pedaqoji innovasiyaların tətbiqi məsələləri ətraflı şəkildə izah olunmuşdur. Eyni zamanda, beynəlxalq əməkdaşlıq imkanları, müxtəlif ölkələrin təcrübələri və bu təcrübələrin yerli təhsil sisteminə uyğunlaşdırılması yolları barədə məlumat verilmişdir.

Keçirilən müzakirələr zamanı iştirakçılar erkən yaş dövründə keyfiyyətli təhsilin təmin olunmasının əhəmiyyəti, tərbiyəçi-müəllimlərin peşəkar inkişafı, kadr hazırlığının təkmilləşdirilməsi və tədris proqramlarının müasir tələblərə uyğun yenilənməsi kimi məsələlərə toxunmuşlar. Bununla yanaşı, rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası, süni intellektin yaratdığı yeni imkanlar və çağırışlar da diqqət mərkəzində olmuşdur.

Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmış və gələcəkdə bu istiqamətdə birgə fəaliyyətlərin təşkili, təcrübə mübadiləsinin davam etdirilməsi barədə təkliflər irəli sürülmüşdür. Görüş iştirakçılar tərəfindən maraqla qarşılanmış və filialın tədris fəaliyyətinin inkişafı baxımından faydalı hesab edilmişdir.