Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil alan buraxılış ili tələbələri üçün təşkil olunmuş təlim uğurla həyata keçirildi. Təlim Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Eyyubov Əlişah Əzizxan oğlu tərəfindən aparılmışdır.
Təlim zamanı iştirakçılara MİQ imtahanında Riyaziyyat fənni üzrə tətbiq olunan proqram haqqında ətraflı məlumat verildi. Proqramın strukturu, mövzu bölgüsü və qiymətləndirmə meyarları ətraflı şəkildə izah olundu.
Təlimin ikinci mərhələsində tələbələr praktiki tapşırıqlar üzərində işlədilər. Onlar nümunəvi test sualları ilə tanış olaraq, nəzəri biliklərini tətbiq etmə imkanı əldə etdilər. Bu mərhələ iştirakçıların riyazi təfəkkürünü gücləndirməyə və problemləri məntiqi üsullarla həll etmə bacarıqlarını inkişaf etdirməyə yönəldilmişdi.
Təlim interaktiv formada keçirilmiş, tələbələr aktiv şəkildə suallar verərək onları maraqlandıran məsələlərə cavab tapmışlar. Bu yanaşma iştirakçıların həm biliklərini möhkəmləndirməsinə, həm də real imtahan mühitinə psixoloji baxımdan hazırlaşmalarına mühüm töhfə vermişdir.

