Təhsildə sosial-psixoloji xidmət ixtisasının buraxılış ili tələbələri üçün “Məktəb psixoloqu tərəfindən müəllimlərdə inkişaf etdirilməli olan bacarıqlar” mövzusunda maarifləndirici və praktik yönümlü təlim təşkil olunmuşdur. Təlim Pedaqogika və psixologiya kafedrasının müəllimi Abdullayeva Nərmin tərəfindən yüksək peşəkarlıqla aparılmışdır.
Təlimin əsas məqsədi müəllimlərin peşəkar fəaliyyətində psixoloji bilik və bacarıqların rolunu izah etmək, onların inkişaf etdirilməsi yollarını göstərmək, eləcə də məktəb psixoloqunun müəllimlərlə əməkdaşlıq çərçivəsində oynadığı mühüm rolu aydınlaşdırmaq olmuşdur. Bu çərçivədə iştirakçılara müasir təhsil mühitində müəllimlərin yalnız akademik biliklərlə deyil, həm də güclü psixoloji hazırlıqla fəaliyyət göstərməsinin vacibliyi izah edilmişdir.
Təlim zamanı müəllimlərin ünsiyyət bacarıqları, empatiya qurmaq qabiliyyəti, şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alma, sinifdə müsbət psixoloji iqlim yaratma və konfliktlərin effektiv idarə olunması kimi mühüm mövzular geniş şəkildə müzakirə olunmuşdur. Eyni zamanda, məktəb psixoloqunun müəllimlər üçün fasilitator, məsləhətçi və dəstəkverici rolunda çıxış etməsinin əhəmiyyəti vurğulanmışdır.
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, fəal iştirak və qarşılıqlı fikir mübadiləsi şəraitində keçmişdir. Praktik tapşırıqlar və müzakirələr iştirakçıların mövzunu daha dərindən mənimsəməsinə və əldə olunan bilikləri real pedaqoji fəaliyyətə tətbiq etmə bacarıqlarını inkişaf etdirməsinə imkan yaratmışdır.
Sonda tələbələr məktəb psixoloqu ilə müəllimlər arasında qurulan səmərəli əməkdaşlığın təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini, sağlam psixoloji mühitin formalaşmasında bu əməkdaşlığın mühüm rol oynadığını və psixoloji bacarıqların müasir müəllim peşəsinin ayrılmaz və zəruri tərkib hissəsi olduğunu daha aydın şəkildə dərk etmişlər.


