Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş “Şamaxının Azərbaycanın şəhərsalma və memarlıq tarixində yeri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək Şamaxının zəngin tarixi-mədəni irsindən, onun Azərbaycan şəhərsalma ənənələrində tutduğu mühüm mövqedən bəhs etmişdir. O, belə tədbirlərin gənc nəslin milli-mədəni dəyərlərə marağının artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
Ardınca mövzu ilə bağlı videoçarx nümayiş olundu.
Daha sonra məruzələr dinlənilmişdir. Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “Şamaxının memarlıq abidələrinin klassik ədəbiyyatda təqdimi” mövzusunda çıxış edərək klassik ədəbiyyat nümunələrində şəhərin memarlıq irsinin bədii əksini təhlil etmişdir. Kafedranın müəllimi Hüseynova Türkan “Qədim və müasir Şamaxı” mövzusunda təqdimatla çıxış edərək şəhərin keçmişi ilə bu günü arasında əlaqələri, inkişaf mərhələlərini diqqətə çatdırmışdır.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Hümbətov Əlihüseyn “Şamaxı, ey mənim sevimli yurdum” adlı çıxışında şəhərə olan mənəvi bağlılığını və onun tarixi gözəlliyini poetik şəkildə ifadə etmişdir.
Digər tələbə məruzəçi Sadiqov Qafar isə “Şamaxı abidələri: Qaleybuğurd” mövzusunda çıxış edərək bölgənin mühüm tarixi abidələrindən biri haqqında ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılmış, iştirakçılar Şamaxının memarlıq irsinin qorunması və təbliği istiqamətində fikir mübadiləsi aparmışlar.








