ADPU-nun Şamaxı filialında “Sağlam cəmiyyət naminə narkomaniyaya yox!” mövzusunda tədbir keçirilib.
Filialın direktoru, dosent Tünzalə Yusifova tədbiri giriş sözü ilə açaraq narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb. O, xüsusilə gənclərin bu kimi zərərli vərdişlərdən uzaq tutulmasının vacibliyini vurğulayib və maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu problemin qarşısının alınması üçün yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda təhsil müəssisələrinin, ailələrin və bütövlükdə cəmiyyətin birgə fəaliyyəti vacibdir.
Daha sonra “Narkomaniya ilə mübarizə” mövzusunda videoçarx nümayiş olundu.
Videoçarxın ardınca çıxışlar dinlənildi. ADPU-nun Şamaxı filialında “Sağlam cəmiyyət naminə narkomaniyaya yox!” mövzusunda keçirilən tədbir çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb.
Sosial və xüsusi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri “Narkotik asılılığın fizioloji nəticələri” mövzusunda çıxış edərək onun insan orqanizmində yaratdığı ciddi fizioloji fəsadlardan bəhs edib. O qeyd edib ki, narkotik maddələr sinir sisteminə, ürək-damar fəaliyyətinə və digər həyati orqanlara mənfi təsir göstərərək geri dönməz sağlamlıq problemlərinə səbəb olur.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Adilxanov isə Narkiomaniyanın psixikada yaratdığı destruktiv dəyişikliklər və şəxsiyyət deformasiyası” mövzusunda çıxışında narkomaniyanın psixoloji aspektlərinə toxunub. O bildirib ki, narkotik asılılıq insanın psixikasında destruktiv dəyişikliklər yaradır, emosional sabitliyi pozur və nəticədə şəxsiyyət deformasiyasına gətirib çıxarır.
Çıxışlardan sonra mövzu ətrafında diskussiya təşkil olunub. Tələbələr və iştirakçılar öz fikirlərini bölüşərək narkomaniyanın yayılma səbəbləri, onun qarşısının alınması yolları və maarifləndirmənin rolu barədə fikir mübadiləsi aparıblar. Diskussiya zamanı sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtının səmərəli təşkili və ailə nəzarətinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Sonda belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub və gənclər zərərli vərdişlərdən uzaq durmağa çağırılıb.





