ADPU-nun Şamaxı filialında aprel ayı ərzində Tədris şöbəsinin nəzdində fəaliyyət göstərən Karyera mərkəzi tərəfindən buraxılış kursu tələbələri üçün karyera planlamasına dəstək məqsədilə “MİQ-ə doğru: Effektiv hazırlıq yolları” mövzusunda silsilə təlimlərin keçirilməsinə başlanılmışdır.
Silsilənin ilk təlimi 13 aprel tarixində İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunmuşdur. Təlim Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Baxşıyeva Sevinc tərəfindən aparılmışdır.
Təlim zamanı iştirakçılara Azərbaycan dili fənni üzrə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanının proqram çərçivəsi haqqında ətraflı məlumat verilmiş, imtahanın strukturu və əsas istiqamətləri izah olunmuşdur. Eyni zamanda, əvvəlki illərə aid sınaq testləri üzərində iş aparılmış, tapşırıqların həlli yolları birlikdə müzakirə edilmişdir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, onlara hazırlıq prosesində faydalı olacaq tövsiyələr verilmişdir.


