Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün MİQ-ə hazırlıq üzrə  növbəti təlim təşkil olundu. Təlim Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Səmədova Aytən Şahin qızı tərəfindən aparıldı. Tədbirin əsas məqsədi tələbələri Azərbaycan dili fənni üzrə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanı haqqında ətraflı məlumatlandırmaq və onların bu imtahana hazırlığını gücləndirmək üçün praktiki məşğələlər təşkil etmək idi.

Təlimin giriş hissəsində Aytən müəllimə MİQ imtahan proqramının məzmunu və strukturu barədə geniş izahat verdi. O, imtahanın bölmələri, tələb olunan bilik və bacarıqlar haqqında danışaraq, xüsusilə diqqət yetirilməli mövzuları ön plana çəkdi. Eyni zamanda vurğuladı ki, imtahanda uğur qazanmaq üçün yalnız nəzəri biliklər kifayət etmir, tələbələrin praktiki bacarıqları da inkişaf etdirmələri zəruridir.

Daha sonra təlimin praktiki mərhələsinə keçid edildi. Bu hissədə tələbələrə müxtəlif test tapşırıqları təqdim olundu və onlar bu tapşırıqlar üzərində işləyərək öz biliklərini tətbiq etmək imkanı əldə etdilər. Bu mərhələ tələbələrin imtahan mühitinə uyğunlaşmasına və biliklərini real şəraitdə yoxlamasına şərait yaratdı.

Praktiki hissənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, çətinlik yaradan məqamlar izah olundu.

Ümumilikdə, keçirilən təlim Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası tələbələrinin peşəkar inkişafına müsbət təsir göstərdi və onların gələcək müəllimlik fəaliyyətinə hazırlıq səviyyəsinin artırılmasına xidmət etdi.