Şamaxı şəhərində “Kulturologiya və insan kapitalının inkişafı” mövzusunda Kulturoloji Elmi Oxumalar keçirilib. Şamaxı Yaradıcılıq Mərkəzində təşkil olunan bu toplantı elmi fikir, yaradıcı təfəkkür, ictimai məsuliyyət və dövlətin mədəniyyət strategiyasının bir nöqtədə qovuşduğu ciddi bir platforma kimi yadda qalıb.
Görüşdə ADPU-nun Şamaxı filailının direktoru dosent Tünzalə Yusifova və Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov da iştirak edirdi. Bu görüş Şamaxı rayonunun müxtəlif intellektual çevrələrini bir araya gətirməklə yanaşı, mədəniyyətin gələcəyi haqqında düşüncəni bölgə müstəvisində canlı müzakirəyə çevirib. Tədbirin “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və “Simurq” Kulturologiya Mərkəzi tərəfindən həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrantı əsasında reallaşdırılması onun ideya və təşkilati çəkisini daha da artırıb.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, kulturoloq alim, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, Azərbaycan Turizm və Menecment Universitetinin dekanı, “Simurq” AMA-nın Rəyasət Heyətinin məsul katibi professor Minaxanım Əsədli, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Vüsalə Məmmədzadə, “Simurq” AMA-nın vitse-prezidenti Svetlana Bayramova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kulturoloq-yaponşünas Əbülfəz Babazadə və “Simurq” AMA-nın vitse-prezidenti, professor Səlahəddin Əyyubov çıxış ediblər.
Tədbirin ideya sütunlarından biri Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası olub. Həmin konsepsiya 14 yanvar 2026-cı il tarixli sərəncamla təsdiqlənib və ölkənin mədəniyyət siyasətinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirir. Konsepsiyanın özü mədəniyyətin strateji resurs kimi dəyərləndirilməsini, milli-mənəvi irsin qorunmasını, müasir yaradıcılıq mühitinin genişləndirilməsini və insan amilinin önə çıxarılmasını prioritet kimi təqdim edir. Şamaxıda səslənən çıxışlar da bu dövlət baxışının müxtəlif istiqamətlər üzrə şərhinə çevrilib. Görüşdə hər bir iştirakçıya professor Fuad Məmmədovun müəllifi olduğu “Yüksək Mədəniyyətli İnsan” kitabı hədiyyə olunub.








