ADPU-nun Şamaxı filialında “Pedaqoji heyətin mübadilə proqramlarında iştirakının vacibliyi” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi müəllimlərin beynəlxalq və yerli mübadilə proqramlarında iştirakının əhəmiyyətini vurğulamaq, bu istiqamətdə mövcud imkanlar barədə məlumat vermək və təcrübə mübadiləsini təşviq etmək olub.
Filialın direktoru, dosent Tünzalə Yusifova bildirib ki, mübadilə proqramları pedaqoji heyətin peşəkar inkişafında mühüm rol oynayır. Belə proqramlar müəllimlərə yeni tədris metodları ilə tanış olmaq, fərqli təhsil sistemlərini öyrənmək və beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq imkanı yaradır. Bununla yanaşı, əldə olunan bilik və təcrübə yerli təhsil mühitinin keyfiyyətinin yüksəldilməsinə də müsbət təsir göstərir.



