Sosial və xüsusi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri

2026-cı il martın 11-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa arasında keçirilmiş görüş və birgə mətbuat bəyanatı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyətini və inkişaf perspektivlərini nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Görüş zamanı səsləndirilən fikirlər təkcə ikitərəfli əməkdaşlıq məsələlərini deyil, həm də Avropanın enerji təhlükəsizliyi, regional sabitlik və yeni geosiyasi reallıqlar kontekstində Azərbaycanın rolunu aydın şəkildə ortaya qoyur.

Prezident İlham Əliyevin çıxışında Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional nəqliyyat əlaqələri kimi bir neçə əsas istiqamət üzrə inkişaf etdiyi göstərilmişdir. Bu bəyanatlar Azərbaycanın xarici siyasət strategiyasının prioritetlərini və Avropa ilə inteqrasiya istiqamətində həyata keçirilən praktiki addımları politoloji baxımdan təhlil etməyə imkan verir.

Müasir mərhələdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Prezident İlham Əliyev çıxışında tərəflər arasında müxtəlif səviyyələrdə fəal dialoqun mövcud olduğunu bildirmiş və Avropa Komissiyası nümayəndələrinin Azərbaycana müntəzəm səfərlərinin bu əməkdaşlığın institusional xarakter aldığını göstərdiyini qeyd etmişdir.

İqtisadi göstəricilər də bu əməkdaşlığın miqyasını təsdiq edir. Azərbaycanın ticarət dövriyyəsində Avropa İttifaqının payının yüksək olması Avropanın ölkənin əsas iqtisadi tərəfdaşlarından biri olduğunu göstərir. Xüsusilə 2026-cı ilin ilk aylarında ticarət dövriyyəsinin təxminən yarısının Avropa İttifaqı ilə bağlı olması iqtisadi əlaqələrin intensivliyini nümayiş etdirir. Bu göstərici Azərbaycanın balanslaşdırılmış xarici iqtisadi siyasət apardığını göstərir. Azərbaycan həm enerji resurslarının ixracı, həm də qarşılıqlı investisiya layihələri vasitəsilə Avropa iqtisadi məkanına inteqrasiyanı gücləndirir. Bu kontekstdə ölkənin Avropaya investisiya yatıran tərəfdaş kimi çıxış etməsi iqtisadi münasibətlərin qarşılıqlı xarakterini daha da möhkəmləndirir.

Azərbaycan–Avropa İttifaqı münasibətlərinin ən mühüm istiqamətlərindən biri enerji əməkdaşlığıdır. Prezident İlham Əliyev çıxışında enerji sektorunun tərəfdaşlığın əsas sütunlarından biri olduğunu xüsusi qeyd etmişdir. Xüsusilə Aİ–Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalandıqdan sonra əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur.

Hazırda Azərbaycan qazı Avropa üçün mühüm enerji mənbələrindən biri hesab olunur. Prezident İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz idxal edir və ümumilikdə Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatmışdır. Bu fakt Azərbaycanın qlobal enerji bazarında etibarlı və strateji tərəfdaş kimi mövqeyini gücləndirir.

Enerji siyasətinin mühüm aspektlərindən biri də hasilatın artırılması və yeni enerji mənbələrinin istifadəyə verilməsidir. Qarşıdakı illərdə qaz hasilatının artırılması planları Avropa bazarında Azərbaycanın rolunun daha da güclənəcəyini göstərir və bu proses enerji diplomatiyasının mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər.

Enerji əməkdaşlığının digər mühüm istiqaməti bərpa olunan enerji sahəsidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu diqqətə çatdırmışdır. Ölkənin coğrafi və iqlim xüsusiyyətləri, xüsusilə günəş və külək enerjisi resursları, bərpa olunan enerji layihələrinin inkişafı üçün əlverişli şərait yaradır.

Azərbaycan hökuməti yaxın illərdə 6–8 giqavat həcmində bərpa olunan enerji istehsal gücü formalaşdırmağı planlaşdırır. Bu enerji potensialının bir hissəsinin Avropaya ixracı nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə dəniz dibi elektrik kabelləri və enerji ötürmə xətləri üzrə layihələr həyata keçirilir. Bu strategiya Azərbaycanın yalnız karbohidrogen ixrac edən ölkə deyil, həm də yaşıl enerji ixrac edən regional enerji mərkəzi kimi formalaşdığını göstərir.

Görüş zamanı regional təhlükəsizlik və sülh məsələlərinə də toxunulmuşdur. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunmasının iqtisadi əməkdaşlıq və nəqliyyat layihələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Bu kontekstdə regionda yeni nəqliyyat və tranzit imkanlarının yaranması, xüsusilə Orta Dəhlizin genişlənməsi perspektivləri diqqətə çatdırılmışdır.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Ermənistanla paraflanmış sülh sazişi regionda yeni əməkdaşlıq imkanları açır və Orta Dəhlizin genişlənməsi üçün əlverişli şərait yaradır. Azərbaycan artıq Ermənistana mühüm neft məhsullarının təchizatına başlamış, tranzit yüklərin hərəkətində məhdudiyyətləri aradan qaldırmışdır. Bu addımlar Azərbaycanın sülhə sadiqliyini praktik şəkildə göstərir.

Cənab Prezident İlham Əliyev sülhün davamlı olması üçün hər iki tərəfin  siyasi iradə nümayiş etdirməli olduğunu xüsusi  vurğulayaraq qeyd etmişdir ki, sülh yalnız kağız üzərində deyil, real addımlar və əməkdaşlıq vasitəsilə qorunmalıdır. Bu, Azərbaycanın münaqişədən sonrakı regionda sülhün təşviqi və davamlı inkişafın təmin olunmasına verdiyi əhəmiyyətli töhfəni əks etdirir.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə bəyanatı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji xarakterini və çoxşaxəli əməkdaşlıq modelini aydın şəkildə nümayiş etdirir. Bu münasibətlər enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq, bərpa olunan enerji layihələri və regional sabitlik kimi mühüm istiqamətləri əhatə edir. Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu ölkənin beynəlxalq sistemdə rolunu gücləndirməyə yönəlmişdir. Enerji diplomatiyası, yaşıl enerji strategiyası və regional sülh təşəbbüsləri Azərbaycanın Avropa ilə tərəfdaşlığını daha da möhkəmləndirərək regionda davamlı inkişaf və təhlükəsizlik üçün yeni imkanlar yaradır. Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət və enerji strategiyası ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə və regionda davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.