ADPU-nun Şamaxı filialında “Müasir dövrdə nüvə və kütləvi qırğın silahlarından mühafizə üsulları və vasitələri” adlı maarifləndirici tədbir keçirildi.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, müasir dünyada təhlükəsizlik məsələləri böyük əhəmiyyət kəsb edir. Bu baxımdan gənclərin fövqəladə hallara hazırlıqlı olması, fərdi və kollektiv mühafizə vasitələri haqqında məlumatlılığı vacibdir. Tədbirin əsas məqsədi tələbələr və müəllim heyəti arasında müasir dövrdə mövcud olan təhlükələr, xüsusilə nüvə və digər kütləvi qırğın silahlarının yaratdığı risklər barədə məlumatlandırmanı artırmaq, həmçinin belə hallarda mühafizə üsulları və təhlükəsizlik tədbirləri haqqında maarifləndirmə aparmaqdır.
Sosial və xüsusi fənlər kafedrasının müəllimi, xilasetmə üzrə dəstə komandiri Şahin Hüseynov – “Kimyəvi, nüvə və bioloji təhlükə zamanı xilasetmə işlərinin təşkili üsulları” mövzusunda çıxış edərək belə hallarda insanların təhlükəsizliyinin təmin olunması üçün görülməli olan ilk tədbirlərdən danışdı. O qeyd edib ki, hər hansı kimyəvi, nüvə və ya bioloji təhlükə zamanı ilk növbədə panikaya düşməmək, rəsmi qurumların məlumat və göstərişlərinə əməl etmək vacibdir.Bildirdi ki, təhlükə zamanı insanlar mümkün qədər qapalı və təhlükəsiz məkanlara sığınmalı, pəncərə və qapılar möhkəm bağlanmalı, havalandırma sistemləri müvəqqəti dayandırılmalıdır. Eyni zamanda fərdi mühafizə vasitələrindən – qoruyucu maska, respirator, əlcək və qoruyucu geyimlərdən istifadə olunması tövsiyə edilir. O, həmçinin vurğuladı ki, zərərli maddələrlə təmas ehtimalı olduqda dərhal çirklənmiş geyimlər dəyişdirilməli, açıq bədən hissələri sabun və bol su ilə yuyulmalıdır. Zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərilməsi, onların təhlükəsiz əraziyə köçürülməsi və mütəxəssislərin köməyinə müraciət edilməsi də əsas tədbirlər sırasındadır.
Son olaraq qeyd olundu ki, belə hallarda qabaqlayıcı maarifləndirmə və əhalinin davranış qaydaları haqqında məlumatlı olması itkilərin minimuma endirilməsində mühüm rol oynayır.




