Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərifliyin siması: Qadın” adlı bayram tədbiri keçirildi.
Tədbir tələbələrin hazırladığı videoçarxın nümayişi ilə başladı. Ardınca tələbələr müxtəlif mövzularda çıxışlar etdilər, bədii kompozisiyalar və şeir nümunələri təqdim etdilər.
Bədii hissənin ilk çıxışı filialın tələbəsi Mədinə Cəlilovanın təqdim etdiyi “Zəriflik və Gücün vəhdəti – 8 Mart” adlı çıxış oldu. Filialın tələbələri Günay Həsənova, Ağadostu Allahyarova və Lamiyə Mirəliyevanın ifasında ardıcıl olaraq Elvin Elxanoğlunun “Qadınlar”, Cəfər Cabbarlının “Ana” və Hüseyn Arifin “Analar” şeirləri səsləndirildi.
Tədbirin bədii proqramı musiqi və rəqs nömrələri, eləcə də səhnəciklə davam etdi. Fidan Baxışlının ifasında “Güman yeri var” və “Şirin dil” mahnıları təqdim olundu. Universitetin rəqs kollektivinin aktiv üzvü Aysun Əhmədovanın ifasında “Churli” rəqsi və Aişə Əvəzlinin ifasında “Ayqız sənə mailəm” rəqsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Proqram çərçivəsində tələbələrin hazırladığı “Zəmanənin Qadını” adlı səhnəcik nümayiş etdirildi.
Bədii hissənin sonunda filialın xor kollektivinin ifasında “Sənin eşqin edibdir” və “Ninnə yarim” mahnıları səsləndirildi və bununla da tədbirə xüsusi bayram ab-havası qatıldı.
Tədbirin sonunda söz filialın direktoru, dosent Tünzalə Yusifovaya verildi. O, çıxışında qadınları bayram münasibətilə təbrik etdi, onların cəmiyyətin inkişafında, ailə və təhsil mühitində oynadıqları mühüm rolu vurğuladı.
Bayram tədbiri iştirakçılara xoş emosiyalar bəxş etdi və 8 Mart – Beynəlxalq Qadınlar Gününün əhəmiyyətini bir daha nümayiş etdirdi.














