Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Güclü qadın, uğurlu gələcək” adlı tədbir keçirildi.
Tədbirdə ilk olaraq tələbələrin 8 Mart bayramına özəl hazırladıqları videoçarx nümayiş olundu.
Ardınca tələbələr müxtəlif mövzularda çıxış etdilər, bədii kompozisiyalar və şeir nümunələri təqdim etdilər. Filialın tələbələri Qafarova Fidan və Ağazadə Fatimə “Tarixdən gələcəyə qadın imzası” və “Azərbaycanın uğurlu qadınları” mövzularında çıxış edərək müxtəlif dövrlərdə qadınların cəmiyyətə verdiyi töhfələrdən ətraflı bəhs etdilər. Tələbələrimiz Hümbətov Əlihüseyn Cəfər Cabbarlının “Ana” şeirini, Həsənov Asif isə Bəxtiyar Vahabzadənin “Qızım” şeirini səsləndirdi.
Daha sonra İbadova Nurcanın ifasında “Hamıdan gözəl mənəm” musiqisi təqdim olundu və filialın “Xarı Bülbül” xor qrupu Şövkət Ələkbərovanın repertuarından “Söz olmasaydı” mahnısını ifa etdi. Bu çıxışlar tədbirə xüsusi rəng qatdı.
Tədbirin bədii hissəsi Məktəbəqədər təhsil ixtisasının I tədris ili tələbələri Cəlilova Mədinə və Şirəliyeva Xəyalənin təqdim etdikləri “Fəridəm” rəqsi ilə davam etdi. Sonda isə tələbələr tərəfindən Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən hazırlanmış səhnəcik nümayiş etdirildi və iştirakçılar tərəfindən maraqla qarşılandı.
Bədii hissənin yekununda filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək qadınların tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd etdi, Azərbaycan qadınının zəngin mənəvi dəyərlərin daşıyıcısı və gələcək nəsillərin formalaşmasında əsas sima olduğunu vurğuladı və bütün qadınları bu əlamətdar gün münasibətilə təbrik etdi.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və bayram ovqatı ilə başa çatdı.














