Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) şöbəsinin təşkilatçılığı ilə “Rəqəmsal platformaların tədrisə tətbiqi” mövzusunda seminar keçirilib.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək rəqəmsal transformasiyanın müasir təhsilin əsas tələblərindən biri olduğunu vurğulayıb, innovativ yanaşmaların tətbiqinin tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirib. O, həmçinin müəllimlərin və tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb və seminarın bu baxımdan əhəmiyyətini qeyd edib.

Filialın İKT şöbəsinin müdiri, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Rəhimova Mətanətin təqdimatında keçirilən seminarda rəqəmsal platformaların tədris prosesinə inteqrasiyası, onlayn təhsil alətlərinin səmərəli istifadəsi, interaktiv resursların tətbiqi və qiymətləndirmə sistemlərinin rəqəmsallaşdırılması kimi məsələlər geniş təqdimatla izah edilib. Çıxış zamanı rəqəmsal platformaların dərs prosesində çevikliyi artırdığı, tələbələrin motivasiyasını yüksəltdiyi və fərdi öyrənmə imkanlarını genişləndirdiyi vurğulanıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Sonda rəqəmsal texnologiyaların təhsil sistemində tətbiqinin davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğu qeyd edilib.