Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin Şamaxı filialında “İnsan alverinə qarşı mübarizə”  mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi tələbə gənclərin insan alveri ilə mübarizə istiqamətində məlumatlılığını artırmaq, risk faktorları və müdafiə mexanizmləri barədə onları maarifləndirmək olub.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq insan alverinin qlobal problem olduğunu vurğulayıb və bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, gənclərin bu kimi təhlükələr barədə məlumatlı olmasının vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Sosial Xidmətlər Agentliyi-nin İnsan alveri qurbanlarına yardım mərkəzinin psixoloqu Fatimə Abuşova insan alverinin formaları, qurbanların üzləşdiyi psixoloji travmalar, eləcə də yardım və reabilitasiya mexanizmləri barədə ətraflı məlumat verib. O, potensial risk qrupları, təhlükəsiz davranış qaydaları və belə hallarla qarşılaşdıqda müraciət edilə biləcək qurumlar haqqında da iştirakçıları məlumatlandırıb.

Tədbir interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.