Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin Şamaxı filialının Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş “Mənim doğma şəhərim” mövzusunda dəyirmi masa keçirildi.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafından və tarixi şəhərlərimizin bərpası istiqamətində görülən işlərdən bəhs etdi.

Ardınca  Şamaxı şəhəri haqqında videoçarx nümayiş olundu.

Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Sevinc Baxşiyeva “İlham Əliyev – Yeni Qarabağın qurucusu” mövzusunda çıxış edərək işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən, müasir şəhərsalma konsepsiyalarının tətbiqindən danışdı.

Təhsildə sosial-psixoloji xidmət ixtisasının IV tədris ili tələbəsi Nicat Cabbarov “Sən azadsan, Şuşa, yenidən qurulan şəhərim” adlı çıxışında Şuşa şəhərinin tarixi əhəmiyyətindən, mədəni irsindən və hazırda həyata keçirilən yenidənqurma prosesindən söz açdı.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ili tələbəsi Əli Gülməmmədov “Qədim Qobustan: dünən və bu gün” mövzusunda məruzə edərək Qobustan qayaüstü rəsmlərinin tarixi, dünya əhəmiyyəti və qorunmasının vacibliyini diqqətə çatdırdı. Həmin ixtisasın II tədris ili tələbələri Mədinə Həmidova və Ayşən Qasımova “Dövlətçilik, elm və mədəniyyət” mövzusunda birgə təqdimatla çıxış edərək milli-mənəvi dəyərlərin qorunması, elm və mədəniyyətin inkişafında şəhərlərin rolundan bəhs etdilər.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparıldı, tələbələrin sualları cavablandırıldı və belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.