Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin Şamaxı filialında 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Fövqəladə hallara hazırlıq və təhlükəsizlik mədəniyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbir filialın həyətində təşkil olunmuş, iştirakçılara fövqəladə hallara hazırlıq qaydaları barədə ətraflı məlumat verilmişdir. Praktiki hissədə saxta yanğın hadisəsi canlandırılmış, yanğının düzgün və təhlükəsiz şəkildə söndürülməsi qaydaları əyani şəkildə nümayiş etdirilmişdir.

Tədbirdə Şimal-Qərb Regional Dövlət Yanğın İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru, daxili xidmət kapitanı İbrahimli Elvin “Mülki müdafiəyə hazırlığın əsas istiqamətləri və məqsədləri” mövzusunda çıxış etmişdir. O, mülki müdafiənin əsas məqsədinin əhalinin həyat və sağlamlığının qorunması, fövqəladə halların nəticələrinin minimuma endirilməsi və operativ reaksiyanın təmin olunması olduğunu vurğulamışdır. Bildirmişdir ki, mülki müdafiəyə hazırlıq maarifləndirmə tədbirləri, mütəmadi təlimlər və əhalinin təhlükəsizlik qaydalarına əməl etməsi ilə daha da gücləndirilmişdir. Həmçinin fövqəladə hallara çevik və düzgün müdaxilənin insan itkilərinin və maddi ziyanın azalmasına birbaşa təsir göstərdiyini qeyd etmişdir.

Həmçinin Sosial və xüsusi fənlər kafedrasının müəllimi, xilasetmə üzrə dəstə komandiri Şahin Hüseynov “Mülki müdafiə: Yaranma tarixi, müasir dövrdə rolu və əhəmiyyəti” mövzusunda çıxış etmişdir. O, mülki müdafiə sisteminin formalaşma mərhələləri, tarixi inkişaf yolu və müxtəlif dövrlərdə qarşıya çıxan çağırışlar barədə məlumat vermişdir. Bildirmişdir ki, müasir dövrdə mülki müdafiə yalnız hərbi təhlükələrlə deyil, eyni zamanda təbii fəlakətlər, texnogen qəzalar və digər fövqəladə hallarla mübarizədə mühüm rol oynamışdır. Çıxışında mülki müdafiənin cəmiyyətin təhlükəsizliyinin təmin edilməsində və vətəndaş məsuliyyətinin formalaşdırılmasında əhəmiyyəti xüsusi vurğulamışdır.

Maarifləndirmə tədbirinin əsas məqsədi tələbə və əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması olmuşdur.