Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə İlham Əliyevin çıxışı mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açdı və qeyd etdi ki, İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkəmizdə rəqəmsal transformasiyanın yeni mərhələsi, dövlət idarəçiliyində innovativ həllərin tətbiqi, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının inkişafı kimi mühüm məsələlər geniş şəkildə müzakirə olundu. O bildirdi ki, bu çıxış Azərbaycanın gələcək inkişaf modelində rəqəmsal texnologiyaların aparıcı rolunu bir daha təsdiqlədi. Direktor vurğuladı ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planı yalnız texnoloji yenilənmə deyil, həm də idarəetmə fəlsəfəsinin müasirləşdirilməsi, şəffaflığın artırılması və operativliyin təmin olunması deməkdir. O əlavə etdi ki, ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür və rəqəmsal transformasiyanın əsas dayağı bilikli, innovativ düşüncəli kadrların hazırlanmasıdır. Filialın əsas məqsədinin tələbələri rəqəmsal mühitin tələblərinə uyğun formalaşdırmaq, tədrisdə müasir texnologiyaların tətbiqini genişləndirmək və elmi-tədqiqat fəaliyyətində innovativ yanaşmaları təşviq etmək olduğunu diqqətə çatdırdı.
Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Xudaverdi Lazımov “Azərbaycan rəqəmsal arxitektura sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyur” mövzusunda məruzə ilə çıxış etdi. O qeyd etdi ki, Azərbaycan rəqəmsal arxitektura sahəsində yeni mərhələyə qədəm qoyaraq dövlət idarəçiliyində, iqtisadiyyatda və təhsildə innovativ texnologiyaların tətbiqini prioritet istiqamət kimi müəyyənləşdirdi. Bildirdi ki, bu mərhələ ölkənin rəqabət qabiliyyətinin artırılmasına və çevik idarəetmə modelinin formalaşmasına xidmət etdi. Aqrosənaye sahəsində rəqəmsal həllərin tətbiqindən danışaraq vurğuladı ki, innovativ texnologiyalar kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və resurslardan səmərəli istifadəyə imkan yaratdı.
Sosial və xüsusi fənlər kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov çıxış edərək müəllim hazırlığında rəqəmsal kompetensiyaların əsas tələblərdən birinə çevrildiyini bildirdi. O vurğuladı ki, gələcəyin pedaqoqu texnologiyanı tədris prosesinə düzgün inteqrasiya etməyi bacarmalıdır və bu istiqamətdə davamlı təlimlərin əhəmiyyəti böyükdür.
Pedaqoji fakültənin dekanı Qahirə Şahbazova fəaliyyət planının əsas istiqamətləri barədə danışdı və rəqəmsal infrastrukturun yenilənməsinin, elektron resurs bazasının genişləndirilməsinin, ali təhsil müəssisələri arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini diqqətə çatdırdı. O vurğuladı ki, qarşıya qoyulan vəzifələr sistemli və mərhələli şəkildə icra olundu.
Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov tədris sənədlərində rəqəmsallaşmaya keçidin müsbət hal olduğunu bildirdi. O qeyd etdi ki, elektron sənəd dövriyyəsi operativliyi artırdı, şəffaflığı təmin etdi və idarəetmədə çevik mexanizmlər yaratdı. Bu yanaşmanın təhsil keyfiyyətinə müsbət təsir göstərdiyini vurğuladı.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Qurbanlı Sara Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəqəmsallaşma istiqamətində həyata keçirdiyi layihələrdən bəhs etdi. O bildirdi ki, elektron platformaların tətbiqi və rəqəmsal idarəetmə mexanizmlərinin genişləndirilməsi ali təhsil müəssisələrinin fəaliyyətinə mühüm dəstək verdi və bu sahədə ardıcıl siyasət həyata keçirildi.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz müəllim əmək bazarının tələblərinə uyğun yeni ixtisasların açılmasının vacibliyini vurğuladı. O qeyd etdi ki, rəqəmsal iqtisadiyyat şəraitində müasir və çevik ixtisaslar üzrə kadr hazırlığı xüsusi aktuallıq kəsb etdi və təhsil proqramlarının yenilənməsi zəruri oldu.
Tədbir zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı və rəqəmsal transformasiya istiqamətində qarşıda duran vəzifələr bir daha vurğulandı. Qeyd olundu ki, dəyirmi masanın əsas məqsədi Prezidentin çıxışında səsləndirilən istiqamətləri dərindən təhlil etmək, icra mexanizmlərini müzakirə etmək və filialın bu prosesdə rolunu müəyyənləşdirmək oldu.



