ADPU-nun Şamaxı filialında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı Soyqırımı: Tarixi yaddaş və beynəlxalq ədalətə çağırış” mövzusunda anım tədbiri keçirildi.

İlk olaraq torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olundu.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunduğunu vurğulayıb. O bildirib ki, 1992-ci ilin 26 fevralında baş verən bu faciə təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyinə yazılmış ağır və unudulmaz tarixdir. Xocalıda dinc əhaliyə qarşı törədilən qətliam beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması hər birimizin vətəndaşlıq borcudur.

O qeyd edib ki, xalqımız illər boyu Xocalı qurbanlarının xatirəsini böyük ehtiramla yaşadaraq tarixi ədalətin bərpasına inanıb. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər isə bu inamın, milli birliyin və dövlətimizin qətiyyətinin təntənəsi kimi tarixə yazılıb. Xocalıdan başlanan ağrı yolu Zəfərlə nəticələndi və bu gün azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin ruhuna ən böyük ehtiramın ifadəsidir.

Sosial və xüsusi fənlər kafedrasının müəllimi Süsən Cəbrayılova çıxışında Xocalı soyqırımının tarixi-siyasi mahiyyətinə toxunaraq hadisələrin səbəb və nəticələrini təhlil edib. O, faciənin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Dil, ədəbiyyat və onların tədris texnologiyası kafedrasının müəllimi Türkan Hüseynova Xocalı mövzusunun bədii ədəbiyyatda əksini şərh edib. Bildirilib ki, ədəbi nümunələr faciənin ağrısını və insan talelərini daha təsirli şəkildə gələcək nəsillərə çatdırmaq baxımından mühüm rol oynayır.

Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Rasim Nərmanov “Xocalıdan Zəfərə” mövzusunda çıxış edərək tarixi ədalətin bərpasının xalqımızın birliyinin və qətiyyətinin nəticəsi olduğunu vurğulayıb. O, şəhidlərin xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın borcu olduğunu qeyd edib.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Həmidə İsgəndərova isə Xocalı faciəsinin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına təsirindən danışıb. O, tarixi yaddaşın qorunmasının milli kimliyin və mənəvi dəyərlərin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Bundan əlavə 26 Fevral Xocalı Soyqırımının 34-cü ildönümündə filialda bütün ixtisaslarda ilk dərslər bu mövzuya həsr olunmuş və faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş güşə hazırlanmışdır. Saat 12:00-da filialın bütün strukturlarında Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.