ADPU-nun Şamaxı filialının “Kitabxana və elektron resurslar” şöbəsinin təşkilatçılığı ilə  Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı yaddaşımızda və ədəbiyyatımızda” mövzusunda oxucu diskussiyası keçirildi.

Tədbir iştirakçıları ilk olaraq faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şöbənin müdiri Vəsilə Razimi  diskussiyanı giriş sözü ilə açaraq Xocalı soyqırımından, ədəbiyyatımızda faciə ilə əlaqədar qələmə alınan əsərlərdən danışdı. Daha sonra şöbədə Xocalı həqiqətlərinin əks olunduğu fotolardan, müxtəlif nəşrlərdən ibarət “Xocalı soyqırımı bəşəri cinayətdir!” adlı sərgi nümayiş olundu.

Diskussiyada “Sosial və humanitar məsələlər” üzrə direktor müavini, p.ü.f.d  Şəlalə Seyidova da iştirak edərək faciənin Azərbaycan xalqının yaddaşında sağalmaz yara olduğunu vurğuladı, uzun illər faciəyə hüquqi-siyası qiymətin verilməməsindən, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin xalqımızın birliyinin və əzminin nəticəsi olduğunu qeyd etdi. Daha sonra tələbələr də Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində aparılan işlər, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun aşılanması barədə öz fikirlərini bölüşdülər.

Tədbir çərçivəsində “Təhsildə sosial və psixoloji xidmət” ixtisasının IV tədris ili tələbəsi, TGT-nin nəzdində fəaliyyət göstərən İntellektual oyunlar klubunun sədri Nicat Cabbarovun həvəskar kimi ilk qələm təcrübəsi olan “Sevgi körpüsü” adlı kitabının təqdimatı keçirildi. Birinci Qarabağ müharibəsi fonunda iki gəncin saf məhəbbət hekayəsinə həsr olunan əsər iştirakçılar tərəfindən maraqla qarşılandı.  Müəllif kitabı yazmaqda əsas məqsədinin müharibənin insan talelərində buraxdığı izləri, sevgi və ümid duyğularını bədii formada çatdırmaq olduğunu bildirdi.