ADPU-nun Şamaxı filialında Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə  21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilinin dövlət dili statusu müstəqilliyimizin rəmzidir” mövzusunda seminar keçirildi.

Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.ü.f.d. Şəlalə Seyidova tədbir iştirakçılarını salamladı və  21 Fevral – Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən bəhs edərək ana dilinin xalqın milli-mənəvi dəyərlərinin əsas daşıyıcısı, tarixi yaddaşının qoruyucusu və milli kimliyinin ifadəçisi olduğunu vurğuladı.Qeyd etdi ki, ana dilinə sevgi və hörmətin aşılanması, onun saflığının qorunması və zənginləşdirilməsi hər bir vətəndaşın mənəvi borcudur. O, belə tədbirlərin keçirilməsinin ana dilimizin təbliği, gələcək nəsillərə ötürülməsi və dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

Daha sonra Ana Dili Gününə həsr olunmuş videoçarx nümayiş olundu.

Ardınca çıxışlar dinlənildi. Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyeva “Ana dilinin dövlət dili statusu müstəqilliyimizin rəmzidir” mövzusunda çıxış edərək ana dilinin dövlətçilik tariximizdəki rolundan, onun hüquqi əsaslarından və müstəqil dövlət quruculuğunda daşıdığı strateji əhəmiyyətdən ətraflı bəhs etdi. O, ana dilinin dövlət dili kimi qorunmasının və inkişaf etdirilməsinin milli suverenliyimizin mühüm göstəricisi olduğunu vurğuladı, dil siyasətinin prioritet istiqamətləri barədə fikirlərini bölüşdü.Daha sonra kafedranın digər müəllimi Aytən Səmədova “Dil xalqın milli kimliyidir” mövzusunda məruzə ilə çıxış edərək dilin xalqın tarixi yaddaşı, mədəni irsi və mənəvi dəyərlərinin daşıyıcısı olduğunu diqqətə çatdırdı. O, dilin formalaşdırdığı milli özünüdərk, vətənpərvərlik və mənəvi birlik amillərindən danışdı, ana dilinə sevgi və hörmətin aşılanmasının vacibliyini xüsusi vurğuladı.

Çıxışların ardınca tədbir mövzu ətrafında müzakirə formatında davam etdirildi. Müzakirələrdə Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d. Eyvaz Eminaliyev çıxış edərək ana dilinin elmi-nəzəri və praktik aspektlərinə toxundu, onun tədrisi prosesində müasir yanaşmaların tətbiqinin vacibliyini vurğuladı. O, dilin qorunması və inkişaf etdirilməsinin yalnız təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu qeyd etdi. Kitabxana və elektron resurslar şöbəsinin müdiri, baş müəllim Vəsilə Razimi isə çıxışında ana dilində nəşr olunan elmi və bədii ədəbiyyatın təbliğinin əhəmiyyətindən danışdı, müasir informasiya resurslarının dilimizin zənginləşdirilməsi və geniş auditoriyaya çatdırılması baxımından rolunu diqqətə çatdırdı.

Müzakirələrə qoşulan Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  ixtisasının 2-ci tədris ili tələbəsi Ayşən Qasımova  mövzu ətrafında fikirlərini bölüşərək ana dilinin gündəlik həyatda düzgün və səlis istifadəsinin, sosial şəbəkələrdə və informasiya məkanında dil mədəniyyətinin qorunmasının vacibliyini qeyd etdi. O, həmçinin ana dilində qələmə alınan ilk lirik nümunə sayılan, müəllifi İzzəddin Həsənoğlu olan “Apardı kömlümü” qəzəlini səsləndirdi.

Tədbir qarşılıqlı fikir mübadiləsi və məhsuldar diskussiya şəraitində davam etdirildi.

Filialda Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə 21 Fevral- Ana Dili Gününə həsr olunmuş güşə hazırlanıb.