Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 10 fevral 2026-cı il tarixində Pedaqoji fakültənin Elmi Şura iclası keçirilib. İclasda 2025/2026-cı tədris ilinin Payız imtahan sessiyasının yekunları, II semestrə hazırlıq və fakültə üzrə tədris prosesinin vəziyyəti müzakirə olunmuşdur.
İclasda tələbələrin akademik göstəriciləri ətraflı təhlil olunmuş, yüksək nəticələr göstərən tələbələr müəyyən edilərək onlara müvafiq təqaüdlər təyin edilmişdir. Akademik nəticələr şəffaflıq və obyektivlik prinsipləri əsasında qiymətləndirilmiş həmçinin nümunəvi davranışı, fəallığı və akademik uğurları ilə fərqlənən tələbələr də müəyyən edilmişdir. Bu tədbir tələbələrin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilmişdir.
Elmi Şura iclasında fakültə və aidiyyatı struktur bölmələrinin I yarımil üzrə hesabatları təqdim edilmişdir. Kafedra müdirləri tədris və elmi fəaliyyətin vəziyyətini, tələbə nailiyyətlərini və inkişaf perspektivlərini ətraflı təhlil etmiş, tədrisin keyfiyyətinin yüksəldilməsi və elmi fəaliyyətin səmərəliliyinin artırılması üçün konkret təkliflər irəli sürmüşlər.
Cari məsələlər çərçivəsində isə:
- Tədris prosesinin qiymətləndirilməsi sorğusunun nəticələri təqdim olunmuş və müzakirə edilmişdir.
- “ADPU-nun Şamaxı filialının təqaüdləri haqqında Əsasnamə”yə ediləcək dəyişikliklər müzakirəyə çıxarılmışdır.
- Kredit borcu olan tələbələrlə işin təşkili üçün konkret tədbirlər müəyyən edilmişdir.
İclasın yekununda vurğulanıb ki, tələbələrin akademik nailiyyətlərinin artırılması, tədris prosesinin səmərəliliyinin yüksəldilməsi və pedaqoji fəaliyyətin keyfiyyətinin təmin olunması Pedaqoji fakültənin əsas prioritetləri olaraq qalır.












