Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Təqaüd Komissiyasının növbəti iclası keçirilib. İclasda 2025/2026-cı tədris ilinin müvafiq semestri üzrə tələbələrin akademik göstəriciləri müzakirə olunub və ixtisaslar üzrə ayrılmış təqaüd yerlərinə uyğun olaraq Ümumi Orta Müvəffəqiyyət Göstəriciləri (ÜOMG) əsasında təqaüd alan tələbələr müəyyən edilib.

Komissiya tərəfindən təqdim olunan akademik nəticələr şəffaflıq və obyektivlik prinsipləri əsasında təhlil olunub, tələbələrin tədris nailiyyətləri müqayisəli şəkildə qiymətləndirilib. Qeyd edilib ki, yüksək akademik nəticələr göstərən tələbələrin stimullaşdırılması onların motivasiyasının artırılması və təhsil keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda filial üzrə adlı təqaüdlərə layiq görülən, ən yüksək göstəricilərə malik tələbələr də müəyyən olunub. Adlı təqaüdlər akademik göstəriciləri, fəallığı və nümunəvi davranışı ilə fərqlənən tələbələrin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilib.

Filial rəhbərliyi tərəfindən vurğulanıb ki, tələbələrin akademik uğurlarının davamlılığının təmin olunması və sağlam rəqabət mühitinin formalaşdırılması əsas prioritetlərdəndir.