Müəllif Sosial və xüsusi fənlər kafedrasının müdiri,  b.f.d. Təranə Mayıl qızı Əkbəri.

 

Müasir beynəlxalq münasibətlər sistemində sülhün təşviqi, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi qlobal təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri hesab olunur. XXI əsrdə dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda dialoq mədəniyyətinin təşviqi, humanist dəyərlərin qorunması və multilateral əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxış həm siyasi, həm də mənəvi aspektdən mühüm hadisə kimi dəyərləndirilə bilər. Prezidentin bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi Azərbaycanın regionda və dünyada sülh, tolerantlıq və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasətinin yüksək qiymətləndirilməsi anlamına gəlir.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müasir dövrdə həyata keçirdiyi sülh strategiyasının mahiyyətini, məqsədlərini və perspektivlərini əks etdirən konseptual sənəd xarakteri daşıyır. Bu çıxışda dövlət başçısı yalnız keçilmiş yolu deyil, eyni zamanda, gələcək inkişaf trayektoriyasını da aydın şəkildə ortaya qoyur.

Prezident İlham Əliyev çıxışında Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Əl-Nəhyani müdrik və uzaqgörən lider kimi xarakterizə etmiş, onun siyasi irsinin bu gün də uğurla davam etdirildiyini vurğulamışdır. Şeyx Zayedin əsasını qoyduğu inkişaf modeli milli dəyərlərlə müasirlik arasında harmoniyanı təmin etmiş və BƏƏ-ni dünyanın ən firavan ölkələrindən birinə çevirmişdir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın əsas fəlsəfəsi xalqlar arasında qarşılıqlı anlaşmanın, tolerantlığın və sülhün təşviqinə xidmət edir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın multikulturalizm siyasətinin, dinlərarası dialoq təşəbbüslərinin və humanist dəyərlərə əsaslanan dövlət kursunun beynəlxalq miqyasda qəbul olunduğunu göstərir.

Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların dinc yanaşı yaşadığı məkan olmuşdur. Bu təcrübə müasir dövrdə dövlət siyasəti səviyyəsində qorunur və inkişaf etdirilir.

Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasıdır. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan 30 ildən artıq müddətdə müharibə şəraitində yaşamış, lakin artıq yeni reallıq formalaşmışdır. Altı aydır davam edən sülh dövrü ölkənin tarixində mühüm mərhələdir.

Vaşinqtonda keçirilmiş üçtərəfli Zirvə Görüşü nəticəsində sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması regionda sabitlik üçün əsaslı zəmin yaratmışdır. Bu proses Prezident İlham Əliyevin ardıcıl, prinsipial və konstruktiv diplomatiyasının məntiqi nəticəsidir.

Bu hadisə göstərir ki, Azərbaycan münaqişənin həllində beynəlxalq hüquqa, ədalət prinsiplərinə və siyasi dialoqa əsaslanan mövqe sərgiləmişdir.

 

Prezident çıxışında qeyd etmişdir ki, sülh yalnız siyasi razılaşmalarla məhdudlaşmamalıdır. Onun dayanıqlılığı iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və qarşılıqlı asılılıq mexanizmləri ilə təmin edilməlidir.

Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, habelə Ermənistana neft məhsullarının ixracına başlanması bu istiqamətdə atılmış mühüm addımlardır. Bu tədbirlər regionda yeni iqtisadi münasibətlər sisteminin formalaşmasına şərait yaradır. İqtisadi inteqrasiya sülhün möhkəmləndirilməsində effektiv alət kimi çıxış edir və tərəflər arasında qarşılıqlı maraqları artırır.

Prezident İlham Əliyevin Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya təşəkkür etməsi Azərbaycanın dinlərarası dialoqa verdiyi əhəmiyyəti göstərir. Azərbaycan uzun illərdir müxtəlif sivilizasiyaların və dinlərin dinc yanaşı yaşadığı ölkə kimi tanınır, bu sahədə qlobal təşəbbüslərin fəal iştirakçısıdır və bu təcrübəni beynəlxalq səviyyədə təşviq edir.

Ölkənin müxtəlif beynəlxalq forumlara ev sahibliyi etməsi, multikulturalizm və tolerantlıq mövzularında tədbirlərin təşkili Azərbaycanın humanitar diplomatiyasının əsas istiqamətlərindən biridir.

Bu baxımdan Azərbaycan təkcə regional deyil, qlobal miqyasda da sülh və tolerantlıq mərkəzlərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışı bir neçə mühüm strateji mesajı ehtiva edir:

Sülhün alternativsizliyi – Münaqişələrin hərbi deyil, siyasi yollarla həllinin mümkünlüyü vurğulanır.

Güclü siyasi iradə amili – Sülhün əldə olunması üçün liderlərin qətiyyətli mövqeyi əsas şərt kimi təqdim edilir.

Beynəlxalq dəstəyin rolu – ABŞ, BƏƏ və digər tərəfdaşların vasitəçiliyi prosesin uğurunda həlledici amil kimi göstərilir.

İqtisadi əməkdaşlığın sülhə təsiri – Ticarət və enerji sahəsində əməkdaşlıq sülhün dayanıqlığını möhkəmləndirir.

Bu yanaşma Prezident İlham Əliyevin praqmatik və uzaqgörən diplomatiyasını əks etdirir. O, sülhü yalnız siyasi məqsəd deyil, eyni zamanda, sosial-iqtisadi inkişafın əsas şərti kimi təqdim edir.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” mərasimindəki çıxışı Azərbaycanın müasir sülh siyasətinin konseptual xəritəsi kimi dəyərləndirilə bilər. Bu çıxış göstərir ki, Azərbaycan münaqişədən sülhə keçidi uğurla reallaşdırmış və regionda yeni əməkdaşlıq modelinin əsasını qoymuşdur.

Prezidentin bu sahədəki fəaliyyəti təkcə Azərbaycan üçün deyil, uzunmüddətli münaqişələr yaşayan digər regionlar üçün də nümunə ola biləcək bir təcrübə formalaşdırır.