02 Fevral 2026-cı il tarixində “Gənclər həftəsi” çərçivəsində Şamaxı ASAN Xidmət Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun və Şamaxı “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə rayon gəncləri ilə toplantı keçirildi.
Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov tədbir iştirakçılarını “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik etdi və təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi.
Tədbirdə Şamaxı “ASAN xidmət” mərkəzinin direktor müavini Rövşən Xəlilov, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Şamaxı Mədəniyyət Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Eynulla İsmayilov, Dağlıq Şirvan Regional Təhsil idarəsində Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Aliyə Abbaszadə, Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Könül Fərmanova, Şamaxı rayon Mərkəzi Kitabxananın Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Aygün Hacıyeva, ADPU-nun Şamaxı filialının və Şamaxı Dövlət Regional Kollecin Tələbə Gənclər Təşkilatının sədrləri, Şamaxı Peşə Liseyinin əməkdaşları, Ümumtəhsil orta məktəblərinin Uşaq Birliyi təşkilat rəhbərləri, Şamaxı “ASAN xidmət” mərkəzinin könüllüləri və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Çıxışlardan sonra ötən dövr ərzində Dövlət Gənclər siyasəti və rayonun ictimai – siyasi sahəsində fərqlənən nümayəndələrə və bir qrup gənclərə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olundu.
Tədbirdə ADPU-nun Şamaxı filialının məzunu və eyni zamanda əməkdaşı Mirzəyeva Nuranə Fəxri Fərmanla təltif olundu. Əməkdaşımızı təbrik edir, uğurlarının davamını arzu edirik.