Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib ruhlu gənclik uğurlu gələcəyin təminatıdır” mövzusunda dəyirmi masa keçirildi.

İlk olaraq 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olundu.

Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd edib ki, ölkəmizdə gənclərə yüksək dəyər verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Müasir şəraitdə dövlətimizin qarşısında duran çətinlikləri həll etmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olmuşdur. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir şəraitə uyğun uğurla davam etdirilir, gənclərə bütün sahələrdə dəyər verilir və yüksək etimad göstərilir.

Daha sonra tələbələrin çıxışları dinlənildi. Filialın tarix və coğrafiya müəllimliyi ixtisasının 4-cü tədris ili tələbəsi Qafarova Fidan- “Dünəndən sabaha gəncliyin yolu” mövusunda fikirlərini söylədi. Filialın Fizika müəllimliyi ixtisasının 4-cü tədris ili tələbəsi Dəmirov Elnurun ifasında Mahirə Nağıqızının “Qocalmaz” şeiri səsləndirildi.

Çıxışların ardınca il ərzində filialın ictimai həyatında fərqlənən gənc əməkdaş və tələbələrinə “Təşəkkürnamə”lər təqdim olundu.