ADPU-nun Şamaxı filialında pedaqoji təcrübəyə hazırlıq işləri ilə bağlı iclas keçirildi. İclası filialın direktoru dosent Tünzalə Yusifova açaraq pedaqoji təcrübənin tələbələrin gələcək peşə fəaliyyətində rolunu vurğuladı, nəzəri biliklərin praktik fəaliyyətlə birləşdirilməsinin əhəmiyyətini qeyd etdi. O, həmçinin təcrübənin məqsəd və mərhələlərini, müəllimlərdən və təcrübə rəhbərlərindən gözlənilən fəaliyyət və məsuliyyətləri detallı şəkildə izah etdi. Tünzalə xanım çıxışında filial rəhbərliyinin pedaqoji təcrübəyə göstərdiyi dəstəkdən, müəllimlərin, metodistlərin və təcrübə rəhbərinin fəaliyyətinin əhəmiyyətindən danışdı, uğurlu təcrübənin keçirilməsi üçün tövsiyələr verdi və qarşıya çıxan çətinliklərin aşılması yollarını müzakirə etməyi tövsiyə etdi. O, həmçinin iştirakçıların rəy və təkliflərinin nəzərə alınmasının təcrübənin səmərəliliyini artıracağını xüsusi vurğuladı.
İclas zamanı hazırlanan proqramların yekun vəziyyəti, bölünmüş və vakansiyada qalmış dərs yükləri, ötən tədris ilində pedaqoji təcrübədə qarşıya çıxan çətinliklər və onların həlli yolları, rəy və təkliflər geniş şəkildə müzakirə olundu. Həmçinin təcrübə müddətində tətbiq olunacaq metodlar, dərs planlaması, sinif idarəetməsi və şagirdlərlə tərbiyəvi işlərin təşkili barədə praktiki tövsiyələr təqdim edildi.
Belə iclaslar pedaqoji təcrübənin səmərəli təşkilinə və müəllim heyətinin peşəkarlığının artırılmasına xidmət edir.




